Xərabətə çevrilmiş İmarət - Pənahəli xanın sevimli evi, Qacarın gecələdiyi məkan, Xan qızının dağılmış məzarı - REPORTAJ - FOTOLAR
APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik:
Paslı dəmir-dümür yığıntısının, daş topasının, saman qalağının - sözün müstəqim mənasında hər cür zir-zibilin yanından ötüb arkalı keçiddən eyvana, daha sonra böyük zala daxil oluruq. Üfunət qoxusu, kir, kif basmış divarlar, peyinin, təzəyin içində itib-batmış döşəmə...
O zərif memarlığından, ehtişamlı görkəmindən əsər qalmayıb, kəsafətin, çirkin, pasın, murdarlığın içində yox olub gedib.
Elə bil gözəl bir xanıma cır-cındır geyindirmisən...
“Pənahəli xan bilsəydi ki, ermənilər onun imarətini bu kökə salacaqlar...”- Bizimlə gələnlərdən biri dözmür, bu miskin mənzərənin alnına güllə kimi çaxır qəzəbini.
Yəqin aşikar oldu hardayıq. Bəli, Ağdamda, “İmarət”də.
O İmarət ki, Pənahəli xan Xorasandan Qarabağa qayıdanda qərar tutmuşdu.
O imarət ki, Pənahəli xan xanlığını qurmağa oradan başlamışdı.
O İmarət ki, gözəlliyinə heyran Pənahəli xan Şuşada özünə saray tikdirəndən sonra da sevimli məkanı olaraq qalmışdı, tez-tez təşrif gətirər, qonaq qəbul edər, dövlət işlərini həll edərdi.
O, İmarət ki, Pənahəli xan öləndə onu orada dəfn etmişdilər.
İmarət vaxtilə ağdamlıların da sevimli məkanlardan idi.
İstər saray, istərsə də məzarlıq kompleksindəki türbələr özününn memarlığı ilə seçilir, xüsusən yay aylarında yaşıllıqların arasında gizlənərək əraziyə nağılvari gözəllik bəxş edirdi.
Ötən əsrin 50-ci illərində isə İmarətin yanında eyni adlı stadion da salınmışdı.
Erməni vandallar 1993-cü ildə Ağdamı işğal edəndən sonra gözə dəyən əksər tikilini dağıtdılar, amma Ağdam Cümə məscidi başda olmaqla azərbaycanlıların müqəddəs yerlərini - Qiyaslıdakı, Gülablıdakı və onlarla digər məscidlərini isə... yox, məhv etmədilər, tövləyə çevirdilər, içində mal, qoyun, donuz saxladılar.
Ermənilər bilirdilər ki, İmarətin də azərbaycanlılar üçün bu torpaqlardakı məscidlər, ocaqlar, pirlər kimi mənəvi dəyəri yüksəkdir. Təkcə ona görə yox ki, Qarabağ xanlığının əsası məhz bu yerdə qoyulmuşdu, məhz buradan kök atıb rişələnmişdi. Həm də ona görə ki, burada Azərbaycan tarixinin böyük şəxslərinin dəfn olunduğu qədim məzarlıq vardı. Həm də, həm də ona görə ki, Azərbaycan ədəbiyyatının böyük simalarından biri, özünün xeyirxah əməlləri ilə qarabağlıların qəlbində əbədi ehtiram qazanmış Xan qızı Xurşudbanu Natəvan da burada uyuyur.
Elə buna görə də ermənilər İmarəti dağıtmadılar, İmarəti xərabətə çevirdilər.
Bu əməlləri ilə də bizə 30 il müddətində təkcə maddi yox, həm də mənəvi-psixoloji işgəncə verməklə məşğul oldular.
***
İmarət Pənahəli xan sarayı və Pənah xanın imarəti adları ilə də tanınır. Dediyimiz kimi, Qarabağ xanı Pənahəli xanın qış mülkü kimi tikilib.
Bura xan nəslinin ən birinci mülklərindən sayılır və iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında kompleksə daha çox bina daxil olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli XVIII əsrə aid sarayın 1738-ci ildə inşa edildiyini söyləyir: “Saray xanlığın qurucusu Pənahəli xanın özü tərəfindən, xanlığı yaradana qədər tikdirdiyi binadır. Pənahəli xanın Qarabağa qayıdışı barədə “Qarabağnamə” müəlliflərinin təzadlı fikirləri var. Bəziləri deyir ki, Nadir şah 1736-cı ildə Muğanda tac qoyandan sonra Pənahəli xanı gözləri götürmədi. Onu Nadirə çuğulladılar və Pənahəli xan qaçdı. Əslində, elə deyil. Digər mənbələr göstərir ki, Pənahəli xan Nadirin yanında 1741-cil ilə qədər, hətta bəzi mənbələrə görə, 1745-ci ilə qədər qulluq edib. Çünki Osmanlı-Əfşar müharibələrində Pənahəli xan igidlik göstərib. Onun yaxşı məvacibi və Nadirin yanında nüfuzu olub deyə, məhz belə bir imarət tikdirə bilib. Onun haqqında deyirlər ki, Zəngəzur, Şəki dağlarında gizlənib, qaçaqlıq edib. Qaçaq adam heç vaxt belə bir imarət saldıra bilməzdi. “Qarabağnamə”lərin də Çar Rusiyası tərəfindən yazdırıldığı məlumdur. Onlar Nadiri pis qələmə vermək üçün hadisəni təhrif edə bilərdilər. Əslində, Pənahəli xan Nadirin dövründə xeyli müddət qulluq edib, orduda ad-san qazanıb. Ona görə də buranı tikdirib və yaxınlıqda mavzoley salınıb”.
Kompleks çox vaxt saray adlandırılsa da, elə də böyük tikili deyil. G.Nəcəflinin fikrincə, üslubuna görə XVIII əsr varlılarının mülkü formasında inşa edilib: “Ona görə də saray yerinə daha çox imarət adlandırılırdı. Sarayın xarici görkəmi də Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik deyil. Pənahəli xan çox zaman orada qalırdı. Çünki xanın Qarabağda ilk məskəni ora olmuşdu. Adətən, bu imarəti Pənahəli xanın yay evi kimi dəyərləndirirlər. Amma bu düz deyil. Çünki yaylaq kimi Şuşa daha münasib idi, nəinki Ağdam. Bu saray qışda yaşamaq üçün yaxşı idi. Amma onun Qarabağda ilk tikdirdiyi ev olduğu üçün Pənahəli xan İmarətdə yaşamağı sevər, tez-tez gələr, qonaqlarını qəbul edərdi”.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov isə Pənahəli xanın Qarabağa qayıdandan sonra buranı seçməsinin təsadüf olmadığını, hələ atası İbrahimxəlil ağanın vaxtilə burada Barlıbağ adlı bağ saldırdığını bildirir: “Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” adlı əsərində yazdığına görə, İmarət Pənah xanın və atası İbrahimxəlil ağanın qədim ocağı olub. Həmçinin, Qarabağ xan nəslinin ailəvi qəbiristanlığı idi. İmarətdən başqa, bu ərazidə böyük üstüörtülü bazar da tikilmişdi. İmarətin ətrafında isə böyük bağlar salınmış və ətrafına daş hasar çəkilmişdi”.
S.Hüseynov İmarətin ərazisində ilk inşaatın Pənahəli xanın atası tərəfindən aparıldığını istisna etmir: “Görünür, ilk inşa işlərini də elə İbrahimxəlil ağa həyata keçirib, günümüzə gəlib çıxan hazırkı tikililəri isə Pənahəli xan özü tikdirib. Hətta Pənahəli xanın vəsiyyətinə görə, burada yerlər nə icarəyə verilə, nə də satıla bilərdi. Bağlardan toplanan meyvə isə satışa çıxarılmır, Qarabağın kasıbları və din xadimlərinə ehsan kimi verilirdi”.
Saray bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Sarayın eyvanı üç aşırımlı arkada kimi həll edilib. Oxvari tağlar bütöv ağ daşlardan yonulmuş iri sütunlar üzərində dayanır. Ümumilikdə eyvan binanın girişi rolunu yerinə yetirməklə portik xüsusiyyəti daşıyır.
Sarayın nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur. İç divarlarında çoxlu dərin tağçaları olan mərkəzi salonun 50 kvadrat metrə yaxın olan sahəsi səkkiztinli günbəzlə örtülüb.
Dözümlü tromplar üzərində qurulan günbəzin yuxarısında, fənər şəklində işlənmiş işıq və hava bacası qoyulub. Bu da zala daim işıq düşməsinə şərait yaradırdı, çox vaxt lampa yandırmağa da gərək olmurdu.
İstər eyvan, istərsə də divan funksiyası daşıyan mərkəzi zal işğal illərində tövlə kimi istifadə edilirdi. Halbuki bu zalda vaxtilə Allah bilir Azərbaycan tarixində böyük əhəmiyyət daşıyan hansı qərarlar müzakirə edilib, hansı dövlət sirləri bu zalın divarlarının şahidliyi ilə səsləndirilib, hansı hörmətli qonaqlarla görüş keçirilib, kimlərin ölüm fərmanı verilib, kimlərə ömür bağışlanıb...
Sarayın əsas binasının digər otaqları isə daha çox saman saxlamaq üçün istifadə edilib.
Kompleksin ikinci binasını da ermənilər həm tövlə, həm anbar, həm də yaşayış yeri kimi istifadə ediblər. Tikilinin fasad divarına vurulmuş mıxçalardan müxtəlif əşyalar asılıb. Otaqlardakı pintilik adamın ürəyini bulandırır, iydən-üfunətdən içəri keçmək olmur.
İmarəti görənlərdən, bəlkə də orada gecələyənlərdən biri də Ağa Məhəmməd şah Qacar olub. Xacə şah Tiflis yürüşü zamanı ordusunu İmarətin ərazisində saxlayır və Tiflis üzərinə gedərkən həm İmarəti, həm də günbəzləri dağıdır. S. Hüseynov bildirir ki, İbrahimxəlil xanın oğlu Mehdiqulu xan sonralar həm İmarəti, həm günbəzləri, həm də ətrafına çəkilən hasarı təmir etdirib: “Çar Rusiyası dövründə bu yerlərin Mehdiqulu xana aid olması haqqında sənəd tələb olunan zaman Mehdiqulu xan İbrahim Sultan Budaq Sultan oğlu Cavanşirin adına Şah Abbas tərəfindən verilmiş sənəd təqdim edir. Sənədə görə, Mehdiqulu xanın ulu babası həmin Ağdam mülkü də daxil olmaqla, Cavanşir eli və Otuzikilər tayfa ittifaqının rəhbəri olmuş və yeddi yüz otuz nəfərlik süvari hərbi hissəsinə rəhbərlik etmişdi”.
Pənahəli xanın sarayının qarşısındakı açıqlıq ərazidə sənduqə formasında, üzəri ərəbcə yazı və ornamentlərlə bəzədilmiş qəbir daşları, daşdan qoç və at fiqurları var. Hazırda onların sayı xeyli azalsa da, vaxtilə çox imiş. Lakin ermənilər onların əksəriyyətini ya məhv edib, ya da oğurlayıblar.
Sarayın yaxınlığında, daha doğrusu kompleksin ikinci binasının arxa həyətində xan nəslinə mənsub şəxslərin dəfn olunduğu kiçik məzarlıq yerləşir. Bu məzarlıqda ilk olaraq Pənahəli xan dəfn edilib. Bəlkə də ondan əvvəl də kimlərsə dəfn olunub, lakin hazırda əlimizdə olan məlumatlar belə deyir. Görünür, xanın bu yerləri çox sevdiyini bildikləri üçün varisləri onun Şirazdan gətirilən cənazəsini İmarətdə dəfn etmək qərarına gəliblər. Ya da başqa səbəb olub.
Məzarın üzərində çoxbucaqlı konusvari plan quruluşuna malik türbə ucalır. Türbənin tağvari quruluşa malik bir giriş qapısı var. İçəridə qəbir daşı yoxdur, oranın da yeri sarayın döşəməsi kimi peyinlə örtülüb, görünür burada da heyvan saxlanılıb. G.Nəcəflinin sözlərinə görə, Pənahəli xanın məzarı üzərindəki qəbir daşı hələ işğaldan əvvəl Milli Tarix Muzeyinə gətirilib və hazırda orada mühafizə olunur.
Pənahəli xanın türbəsinin qonşuluğunda oğlu İbrahimxəlil xanın dəfn olunduğu türbə yerləşir. Hər iki türbə görkəmcə bir-birlərinə bənzəsə də, İbrahimxəlil türbəsinin konusvari damı və divarlarının çox hissəsi dağılıb.
Qəribədir ki, türbələri kimi, onların talelərində də müəyyən oxşarlıqlar var. Heç biri öz əcəli ilə ölməyib. Ata fars hakimi Kərim Xan Zəndin qəddarlığının, oğul isə Çar Rusiyasının zabiti Lisaneçivin, dolayısı ilə Çar I Aleksandrın fərmanının qurbanı olub.
Məzarlıqdakı üçüncü türbə isə ehtimal ki, xanlığın sonuncu hakimi, İbrahimxəlil xanın oğlu Mehdiqulu xanındır. Mina təhlükəsinə görə yaxınlığına getməyə risk etməsək də, bur türbənin İbrahimxəlil xanın türbəsi qədər zərər görmədiyini söyləmək olar.
İbrahimxəlil xanın türbəsi ilə Mehdiqulu xan Cavanşirin türbəsi arasında isə hardasa bir metr hündürlüyündə dairəvi bir tikili də var ki, onun da yarımçıq qalmış, yoxsa dağıdılmış türbə olduğunu müəyyənləşdirə bilmədik.
Ümumiyyətlə, İmarət qəbiristanlığında yuxarıda adlarını sadaladığımız şəxslərlə yanaşı, Cəfərqulu xan Nəvanın, Gövhər ağanın, Xurşidbanu Natəvanın və qızı Xanbikə xanımın da məzarı yerləşir. Lakin nabələd olduğumuz üçün Xurşudbanu Natəvandan başqa digərlərinin məzarının yerini öyrənə bilmədik.
Natəvanın məzarı isə Pənahəli xanla İbrahimxəlil xanın türbəsinin yaxınlığında yerləşir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqovun bildirdiyinə görə 1982-ci ildə məzarın üzərində qəbirüstü memorial xatirə abidəsi ucaldılıb: “Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Elcan Şamilov olub. Mərmərdən yonulan heykəl Misir stellalarını xatırladır, qabartma xarakterli idi”.
Təəssüf ki, abidə tamamilə dağılıb, heykəlin Natəvanın əksi olan hissəsi yox olub, digər parçaları isə ətrafa səpələnib. Məzarın türbələr tərəfində yox, tamamilə əks tərəfində beton örtüyün kənarında çala qazılıb. Çalanın üzərinə dəmir lövhə qoyulub. Lövhəni qaldırırıq. Çala betonun altına, məzara doğru uzanır, sanki betonun armaturları daha dərinə qazmağa imkan verməyib. Görünür goreşən xislətli ermənilər hansıda qiymətli əşya tapmaq və ya sadəcə təhqir məqsədilə Xan qızının məzarını qazıb sümüklərini çıxarmaq istəyib. Ancaq istəklərinə tam çata bilməyiblər.
Bütün bunlar erməni vandalizminin növbəti sübutu və nümunəsidir. Bunu bir az kənarda, divarın dibində salınmış tövlənin yerinə plitə əvəzi döşənən qəbir daşları bir daha təsdiqləyir.
İçimizdə Pənahəli xanın sarayının, İbrahimxəlil xanın türbəsinin, Xurşudbanu Natəvanın qəbrinin acınacaqlı vəziyyətinin yaratdığı sarsıntı İmarəti tərk edirik.
İçimizdə ağrı, içimizdə qəzəb, içimizdə kin.
Və bir də şükranlıq duyğusu ki, nə yaxşı bu torpaqlara qayıtdıq.
Nə yaxşı canımız mənəvi əzabdan, özümüz töhmətdən qurtulduq.
Lakin İmarətə ayaq basandan beynimi işğal eləmiş bir fikir hələ də məni rahat buraxmayıb: Həqiqətən, Pənahəli xan bilsəydi ki, ermənilər onun imarətini bu kökə salacaqlar, neyləyərdi?..

Əvvəlki yazıları buradan oxuya bilərsiniz:
Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? - REPORTAJ
Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ
Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - REPORTAJ
Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı - REPORTAJ
Ermənilərin anbara çevirdiyi məscid, tövlə kimi işlədilən karvansara, düşmən əsgərinin dəbilqəsi, naməlum abidə - REPORTAJ
Erməni vandallığının Cəbrayıldakı izləri, ordumuzun darmadağın etdiyi “Ohanyan səddi” mifi - REPORTAJ
Qarabağ yükünü çiynindən atan Xudafərin: O tayın, bu tayın həsrət körpüsü
Bir həsrətin sonu: 28 il sonra eyni yolla Laçına dönüş - REPORTAJ
Hər qarışı cənnət Laçın - REPORTAJ
Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb, Kremlə göndərilən şərablar - REPORTAJ
Oğurlanan sümüklər, bir gecədə 200 məktub, torpağına sahib çıxan əsgər - TUĞDAN REPORTAJ
Kəlbəcər yollarında: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru - REPORTAJ – FOTOLAR
Sehrli aləmdə: Ermənilərin özününküləşdirmək istədiyi ecazkar Xudavəng monastırı - REPORTAJ - FOTOLAR – VİDEO
Qafan aeroportu ilə üzbəüz, Qafan-Gorus magistral yolunun 100 metrliyində: Xudayarla birlikdə yazılan dastan - REPORTAJ - FOTOLAR
Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu - REPORTAJ - FOTOLAR
Ermənilərin yandırdığı polis, 29 ildən sonra evini tapan Salakətin sakini, dərəyə aşırılan erməni avtobusu - REPORTAJ – FOTOLAR
Məlik-Aslanovların kolxoza verilmiş mülkü, Dizaq məliklərinin sarayı, XII əsrə aid alban məbədi - TUĞDAN REPORTAJ - FOTOLAR
Zəngilan: Erməni işğalından azad edilmiş torpaqlara həyat qayıdır - REPORTAJ - FOTOLAR
27 ildən sonra evimizlə görüş, quruyan çeşmə, yadigar lampa - REPORTAJ - FOTOLAR
Xocalı soyqırımının şahidləri danışır: Şəhid atasının yuxusu, bizimkilərlə dəyişdirilən rus zabitlər, anasına qısılıb qarda yatan körpə - REPORTAJ - FOTOLAR - VİDEO
Paslı dəmir-dümür yığıntısının, daş topasının, saman qalağının - sözün müstəqim mənasında hər cür zir-zibilin yanından ötüb arkalı keçiddən eyvana, daha sonra böyük zala daxil oluruq. Üfunət qoxusu, kir, kif basmış divarlar, peyinin, təzəyin içində itib-batmış döşəmə...
O zərif memarlığından, ehtişamlı görkəmindən əsər qalmayıb, kəsafətin, çirkin, pasın, murdarlığın içində yox olub gedib.
Elə bil gözəl bir xanıma cır-cındır geyindirmisən...
“Pənahəli xan bilsəydi ki, ermənilər onun imarətini bu kökə salacaqlar...”- Bizimlə gələnlərdən biri dözmür, bu miskin mənzərənin alnına güllə kimi çaxır qəzəbini.
Yəqin aşikar oldu hardayıq. Bəli, Ağdamda, “İmarət”də.
O İmarət ki, Pənahəli xan Xorasandan Qarabağa qayıdanda qərar tutmuşdu.
O imarət ki, Pənahəli xan xanlığını qurmağa oradan başlamışdı.
O İmarət ki, gözəlliyinə heyran Pənahəli xan Şuşada özünə saray tikdirəndən sonra da sevimli məkanı olaraq qalmışdı, tez-tez təşrif gətirər, qonaq qəbul edər, dövlət işlərini həll edərdi.
O, İmarət ki, Pənahəli xan öləndə onu orada dəfn etmişdilər.
İmarət vaxtilə ağdamlıların da sevimli məkanlardan idi.
İstər saray, istərsə də məzarlıq kompleksindəki türbələr özününn memarlığı ilə seçilir, xüsusən yay aylarında yaşıllıqların arasında gizlənərək əraziyə nağılvari gözəllik bəxş edirdi.
Ötən əsrin 50-ci illərində isə İmarətin yanında eyni adlı stadion da salınmışdı.
Erməni vandallar 1993-cü ildə Ağdamı işğal edəndən sonra gözə dəyən əksər tikilini dağıtdılar, amma Ağdam Cümə məscidi başda olmaqla azərbaycanlıların müqəddəs yerlərini - Qiyaslıdakı, Gülablıdakı və onlarla digər məscidlərini isə... yox, məhv etmədilər, tövləyə çevirdilər, içində mal, qoyun, donuz saxladılar.
Ermənilər bilirdilər ki, İmarətin də azərbaycanlılar üçün bu torpaqlardakı məscidlər, ocaqlar, pirlər kimi mənəvi dəyəri yüksəkdir. Təkcə ona görə yox ki, Qarabağ xanlığının əsası məhz bu yerdə qoyulmuşdu, məhz buradan kök atıb rişələnmişdi. Həm də ona görə ki, burada Azərbaycan tarixinin böyük şəxslərinin dəfn olunduğu qədim məzarlıq vardı. Həm də, həm də ona görə ki, Azərbaycan ədəbiyyatının böyük simalarından biri, özünün xeyirxah əməlləri ilə qarabağlıların qəlbində əbədi ehtiram qazanmış Xan qızı Xurşudbanu Natəvan da burada uyuyur.
Elə buna görə də ermənilər İmarəti dağıtmadılar, İmarəti xərabətə çevirdilər.
Bu əməlləri ilə də bizə 30 il müddətində təkcə maddi yox, həm də mənəvi-psixoloji işgəncə verməklə məşğul oldular.
***
İmarət Pənahəli xan sarayı və Pənah xanın imarəti adları ilə də tanınır. Dediyimiz kimi, Qarabağ xanı Pənahəli xanın qış mülkü kimi tikilib.
Bura xan nəslinin ən birinci mülklərindən sayılır və iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında kompleksə daha çox bina daxil olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli XVIII əsrə aid sarayın 1738-ci ildə inşa edildiyini söyləyir: “Saray xanlığın qurucusu Pənahəli xanın özü tərəfindən, xanlığı yaradana qədər tikdirdiyi binadır. Pənahəli xanın Qarabağa qayıdışı barədə “Qarabağnamə” müəlliflərinin təzadlı fikirləri var. Bəziləri deyir ki, Nadir şah 1736-cı ildə Muğanda tac qoyandan sonra Pənahəli xanı gözləri götürmədi. Onu Nadirə çuğulladılar və Pənahəli xan qaçdı. Əslində, elə deyil. Digər mənbələr göstərir ki, Pənahəli xan Nadirin yanında 1741-cil ilə qədər, hətta bəzi mənbələrə görə, 1745-ci ilə qədər qulluq edib. Çünki Osmanlı-Əfşar müharibələrində Pənahəli xan igidlik göstərib. Onun yaxşı məvacibi və Nadirin yanında nüfuzu olub deyə, məhz belə bir imarət tikdirə bilib. Onun haqqında deyirlər ki, Zəngəzur, Şəki dağlarında gizlənib, qaçaqlıq edib. Qaçaq adam heç vaxt belə bir imarət saldıra bilməzdi. “Qarabağnamə”lərin də Çar Rusiyası tərəfindən yazdırıldığı məlumdur. Onlar Nadiri pis qələmə vermək üçün hadisəni təhrif edə bilərdilər. Əslində, Pənahəli xan Nadirin dövründə xeyli müddət qulluq edib, orduda ad-san qazanıb. Ona görə də buranı tikdirib və yaxınlıqda mavzoley salınıb”.
Kompleks çox vaxt saray adlandırılsa da, elə də böyük tikili deyil. G.Nəcəflinin fikrincə, üslubuna görə XVIII əsr varlılarının mülkü formasında inşa edilib: “Ona görə də saray yerinə daha çox imarət adlandırılırdı. Sarayın xarici görkəmi də Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik deyil. Pənahəli xan çox zaman orada qalırdı. Çünki xanın Qarabağda ilk məskəni ora olmuşdu. Adətən, bu imarəti Pənahəli xanın yay evi kimi dəyərləndirirlər. Amma bu düz deyil. Çünki yaylaq kimi Şuşa daha münasib idi, nəinki Ağdam. Bu saray qışda yaşamaq üçün yaxşı idi. Amma onun Qarabağda ilk tikdirdiyi ev olduğu üçün Pənahəli xan İmarətdə yaşamağı sevər, tez-tez gələr, qonaqlarını qəbul edərdi”.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov isə Pənahəli xanın Qarabağa qayıdandan sonra buranı seçməsinin təsadüf olmadığını, hələ atası İbrahimxəlil ağanın vaxtilə burada Barlıbağ adlı bağ saldırdığını bildirir: “Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” adlı əsərində yazdığına görə, İmarət Pənah xanın və atası İbrahimxəlil ağanın qədim ocağı olub. Həmçinin, Qarabağ xan nəslinin ailəvi qəbiristanlığı idi. İmarətdən başqa, bu ərazidə böyük üstüörtülü bazar da tikilmişdi. İmarətin ətrafında isə böyük bağlar salınmış və ətrafına daş hasar çəkilmişdi”.
S.Hüseynov İmarətin ərazisində ilk inşaatın Pənahəli xanın atası tərəfindən aparıldığını istisna etmir: “Görünür, ilk inşa işlərini də elə İbrahimxəlil ağa həyata keçirib, günümüzə gəlib çıxan hazırkı tikililəri isə Pənahəli xan özü tikdirib. Hətta Pənahəli xanın vəsiyyətinə görə, burada yerlər nə icarəyə verilə, nə də satıla bilərdi. Bağlardan toplanan meyvə isə satışa çıxarılmır, Qarabağın kasıbları və din xadimlərinə ehsan kimi verilirdi”.
Saray bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Sarayın eyvanı üç aşırımlı arkada kimi həll edilib. Oxvari tağlar bütöv ağ daşlardan yonulmuş iri sütunlar üzərində dayanır. Ümumilikdə eyvan binanın girişi rolunu yerinə yetirməklə portik xüsusiyyəti daşıyır.
Sarayın nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur. İç divarlarında çoxlu dərin tağçaları olan mərkəzi salonun 50 kvadrat metrə yaxın olan sahəsi səkkiztinli günbəzlə örtülüb.
Dözümlü tromplar üzərində qurulan günbəzin yuxarısında, fənər şəklində işlənmiş işıq və hava bacası qoyulub. Bu da zala daim işıq düşməsinə şərait yaradırdı, çox vaxt lampa yandırmağa da gərək olmurdu.
İstər eyvan, istərsə də divan funksiyası daşıyan mərkəzi zal işğal illərində tövlə kimi istifadə edilirdi. Halbuki bu zalda vaxtilə Allah bilir Azərbaycan tarixində böyük əhəmiyyət daşıyan hansı qərarlar müzakirə edilib, hansı dövlət sirləri bu zalın divarlarının şahidliyi ilə səsləndirilib, hansı hörmətli qonaqlarla görüş keçirilib, kimlərin ölüm fərmanı verilib, kimlərə ömür bağışlanıb...
Sarayın əsas binasının digər otaqları isə daha çox saman saxlamaq üçün istifadə edilib.
Kompleksin ikinci binasını da ermənilər həm tövlə, həm anbar, həm də yaşayış yeri kimi istifadə ediblər. Tikilinin fasad divarına vurulmuş mıxçalardan müxtəlif əşyalar asılıb. Otaqlardakı pintilik adamın ürəyini bulandırır, iydən-üfunətdən içəri keçmək olmur.
İmarəti görənlərdən, bəlkə də orada gecələyənlərdən biri də Ağa Məhəmməd şah Qacar olub. Xacə şah Tiflis yürüşü zamanı ordusunu İmarətin ərazisində saxlayır və Tiflis üzərinə gedərkən həm İmarəti, həm də günbəzləri dağıdır. S. Hüseynov bildirir ki, İbrahimxəlil xanın oğlu Mehdiqulu xan sonralar həm İmarəti, həm günbəzləri, həm də ətrafına çəkilən hasarı təmir etdirib: “Çar Rusiyası dövründə bu yerlərin Mehdiqulu xana aid olması haqqında sənəd tələb olunan zaman Mehdiqulu xan İbrahim Sultan Budaq Sultan oğlu Cavanşirin adına Şah Abbas tərəfindən verilmiş sənəd təqdim edir. Sənədə görə, Mehdiqulu xanın ulu babası həmin Ağdam mülkü də daxil olmaqla, Cavanşir eli və Otuzikilər tayfa ittifaqının rəhbəri olmuş və yeddi yüz otuz nəfərlik süvari hərbi hissəsinə rəhbərlik etmişdi”.
Pənahəli xanın sarayının qarşısındakı açıqlıq ərazidə sənduqə formasında, üzəri ərəbcə yazı və ornamentlərlə bəzədilmiş qəbir daşları, daşdan qoç və at fiqurları var. Hazırda onların sayı xeyli azalsa da, vaxtilə çox imiş. Lakin ermənilər onların əksəriyyətini ya məhv edib, ya da oğurlayıblar.
Sarayın yaxınlığında, daha doğrusu kompleksin ikinci binasının arxa həyətində xan nəslinə mənsub şəxslərin dəfn olunduğu kiçik məzarlıq yerləşir. Bu məzarlıqda ilk olaraq Pənahəli xan dəfn edilib. Bəlkə də ondan əvvəl də kimlərsə dəfn olunub, lakin hazırda əlimizdə olan məlumatlar belə deyir. Görünür, xanın bu yerləri çox sevdiyini bildikləri üçün varisləri onun Şirazdan gətirilən cənazəsini İmarətdə dəfn etmək qərarına gəliblər. Ya da başqa səbəb olub.
Məzarın üzərində çoxbucaqlı konusvari plan quruluşuna malik türbə ucalır. Türbənin tağvari quruluşa malik bir giriş qapısı var. İçəridə qəbir daşı yoxdur, oranın da yeri sarayın döşəməsi kimi peyinlə örtülüb, görünür burada da heyvan saxlanılıb. G.Nəcəflinin sözlərinə görə, Pənahəli xanın məzarı üzərindəki qəbir daşı hələ işğaldan əvvəl Milli Tarix Muzeyinə gətirilib və hazırda orada mühafizə olunur.
Pənahəli xanın türbəsinin qonşuluğunda oğlu İbrahimxəlil xanın dəfn olunduğu türbə yerləşir. Hər iki türbə görkəmcə bir-birlərinə bənzəsə də, İbrahimxəlil türbəsinin konusvari damı və divarlarının çox hissəsi dağılıb.
Qəribədir ki, türbələri kimi, onların talelərində də müəyyən oxşarlıqlar var. Heç biri öz əcəli ilə ölməyib. Ata fars hakimi Kərim Xan Zəndin qəddarlığının, oğul isə Çar Rusiyasının zabiti Lisaneçivin, dolayısı ilə Çar I Aleksandrın fərmanının qurbanı olub.
Məzarlıqdakı üçüncü türbə isə ehtimal ki, xanlığın sonuncu hakimi, İbrahimxəlil xanın oğlu Mehdiqulu xanındır. Mina təhlükəsinə görə yaxınlığına getməyə risk etməsək də, bur türbənin İbrahimxəlil xanın türbəsi qədər zərər görmədiyini söyləmək olar.
İbrahimxəlil xanın türbəsi ilə Mehdiqulu xan Cavanşirin türbəsi arasında isə hardasa bir metr hündürlüyündə dairəvi bir tikili də var ki, onun da yarımçıq qalmış, yoxsa dağıdılmış türbə olduğunu müəyyənləşdirə bilmədik.
Ümumiyyətlə, İmarət qəbiristanlığında yuxarıda adlarını sadaladığımız şəxslərlə yanaşı, Cəfərqulu xan Nəvanın, Gövhər ağanın, Xurşidbanu Natəvanın və qızı Xanbikə xanımın da məzarı yerləşir. Lakin nabələd olduğumuz üçün Xurşudbanu Natəvandan başqa digərlərinin məzarının yerini öyrənə bilmədik.
Natəvanın məzarı isə Pənahəli xanla İbrahimxəlil xanın türbəsinin yaxınlığında yerləşir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqovun bildirdiyinə görə 1982-ci ildə məzarın üzərində qəbirüstü memorial xatirə abidəsi ucaldılıb: “Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Elcan Şamilov olub. Mərmərdən yonulan heykəl Misir stellalarını xatırladır, qabartma xarakterli idi”.
Təəssüf ki, abidə tamamilə dağılıb, heykəlin Natəvanın əksi olan hissəsi yox olub, digər parçaları isə ətrafa səpələnib. Məzarın türbələr tərəfində yox, tamamilə əks tərəfində beton örtüyün kənarında çala qazılıb. Çalanın üzərinə dəmir lövhə qoyulub. Lövhəni qaldırırıq. Çala betonun altına, məzara doğru uzanır, sanki betonun armaturları daha dərinə qazmağa imkan verməyib. Görünür goreşən xislətli ermənilər hansıda qiymətli əşya tapmaq və ya sadəcə təhqir məqsədilə Xan qızının məzarını qazıb sümüklərini çıxarmaq istəyib. Ancaq istəklərinə tam çata bilməyiblər.
Bütün bunlar erməni vandalizminin növbəti sübutu və nümunəsidir. Bunu bir az kənarda, divarın dibində salınmış tövlənin yerinə plitə əvəzi döşənən qəbir daşları bir daha təsdiqləyir.
İçimizdə Pənahəli xanın sarayının, İbrahimxəlil xanın türbəsinin, Xurşudbanu Natəvanın qəbrinin acınacaqlı vəziyyətinin yaratdığı sarsıntı İmarəti tərk edirik.
İçimizdə ağrı, içimizdə qəzəb, içimizdə kin.
Və bir də şükranlıq duyğusu ki, nə yaxşı bu torpaqlara qayıtdıq.
Nə yaxşı canımız mənəvi əzabdan, özümüz töhmətdən qurtulduq.
Lakin İmarətə ayaq basandan beynimi işğal eləmiş bir fikir hələ də məni rahat buraxmayıb: Həqiqətən, Pənahəli xan bilsəydi ki, ermənilər onun imarətini bu kökə salacaqlar, neyləyərdi?..
Foto - İlkin Nəbiyev © APA GROUP
Mirmehdi Ağaoğlu
Xudaferin.eu
12:47
Digər xəbərlər