Xocalı soyqırımının ildönümü ilə əlaqədar Koreya Respublikasında silsilə tədbirlər keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Koreya Respublikasındakı səfirliyi bir sıra tədbirlər keçirib.

Xudaferin.eu xəbər verir ki, səfirliyin dəstəyi və "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının təşkilatçılığı, eləcə də Koreyada yaşayan Azərbaycan icmasının və koreyalı gənclərin iştirakı ilə paytaxt Seulun mərkəzi meydanlarından olan Qvanqvamunda Xocalı soyqırımı ilə əlaqədar aksiya təşkil edilib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə şamlarla "Xocalı" sözü yazılıb. Aksiya zamanı səfirliyin soyqırımına dair Koreya dilində hazırladığı broşürlər paylanılıb, aksiyanı izləyənlərə Xocalı soyqırımı, habelə "Xocalıya ədalət!" kampaniyası və Koreya dilində fəaliyyət göstərən "www.khojaly.or.kr" internet səhifələri haqqında məlumat verilib.

Qvanqvamun Seul şəhərinin ən geniş, nümayişlərin, ictimai və mədəni tədbirlərin ən çox keçirildiyi meydan hesab olunur. Bundan başqa, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Seul şəhər meriyasının, ABŞ da daxil olmaqla bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin binaları, turistlərin ən çox ziyarət etdiyi imperator sarayı məhz Qvanqvamun meydanının ətrafında yerləşir.

Soyqırımı ilə bağlı tədbirlər çərçivəsində səfirliyin təşəbbüsü və "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının dəstəyi ilə Azərbaycanı sevən və ölkəmizə rəğbət bəsləyən bir qrup koreyalı gəncin iştirakı ilə "Xocalı" adlı videoçarx hazırlanıb. Videoçarxda koreyalı gənclər 1992-ci il fevralın 26-da soyqırımı zamanı törədilən qətliamlar barədə danışıb, daha yaxşı dünyaya nail olmaq üçün bu cinayətdə təqsirli olanların cəzalandırılması mesajını veriblər. Sonda "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının loqosu, internet səhifəsi, eləcə də Xocalı soyqırımı barədə Koreya dilində fəaliyyət göstərən internet səhifəsinin ünvanı göstərilib. Həmin çarx səfirliyin internet səhifələri və sosial şəbəkələr vasitəsilə yayılıb.

HOBY Koreya təşkilatının koreyalı gənclər üçün "Qaçqınlar və miqrantlar" mövzusunda təşkil etdiyi Seul Beynəlxalq Diplomatiya Forumunda çıxış edən səfirliyin ikinci katibi Toğrul Əliyev Xocalı soyqırımı barədə təqdimat edib. O, ölkəmizin müasir tarixi, yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın Ermənistanın işğalına məruz qalması, bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsi, eləcə də Xocalıda baş verənlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Bildirilib ki, Xocalı faciəsinin dünyaya tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına start verilib, bu günədək 15 ölkənin qanunverici orqanı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalıda törədilmiş faciəni soyqırımı kimi tanıyıb. Soyqırımlarının bir daha təkrarlanmaması və bu cinayətdə təqsirli olanların cəzalandırılması üçün daha çox gəncin bu kampaniyanı dəstəkləməsinin vacibliyi vurğulanıb.

Xudaferin.eu

17:32