Xocalı soyqırımı – insanlıq əleyhinə cinayət

Azərbaycan Dillər Universitetinin (ADU) pedaqogika kafedrasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – insanlıq əleyhinə cinayət” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, faciə qurbanlarının xatirəsi yad edildikdən sonra kafedranın müdiri, dosent Nigar Zeynalova Xocalı hadisələrini Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü soyqırımı siyasətinin davamı kimi qiymətləndirib. O, bu faciənin xalqımız üçün insan tələfatı ilə yanaşı, mədəni və tarixi abidələrin məhv edilməsi ilə nəticələndiyini bildirib. Qeyd edib ki, erməni separatçılarının millətimizə qarşı törətdikləri vəhşiliklərin, ağlasığmaz və qeyri-insani qəddarlıqların unudulmaması üçün gənc nəsildə vətənpərvərlik hissinin gücləndirilməsi pedaqoji kadr hazırlığında ana xətt kimi keçməlidir.

Dosent Oqtay Abbasov Xocalıda xalqımıza və insanlığa qarşı törədilmiş cinayətləri qətiyyətlə pisləyərək, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edib. Kafedranın dosenti Jalə Mustafayeva isə gənclərimizə qələbə ruhu aşılamağın vacibliyini vurğulayıb. Kafedranın müəllimi Şəfiqə Tahirova Xocalıda şəhid olan, itkin düşən soydaşlarımız haqqında məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bir sıra ölkələrin Xocalı faciəsini soyqırımı kimi tanıdığını diqqətə çatdırıb.

Kafedranın müəllimi Arzu Baxşəliyeva həmin dövrdə Ağdam şəhərinə pənah gətirən əliyalın, köməksiz Xocalı sakinlərinin acınacaqlı vəziyyəti barədə xatirələrini bölüşüb.

AZƏRTAC

18:07