X.Natəvanın Belçikadakı abidəsi bərpa edildi

Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini  mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su  çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.
Xan qızı Şuşada “Məclisi-ün” (dostluq, ülfət məclisi) yaratmış  və onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə  yazırdı. Qələmini qəzəl janrında da sınayırdı.
Şairənin ailə həyatı uğursuz alınır. Cavan oğlunu itirən Natəvanın şeirlərinə bədbin ruh hakim kəsilir. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edir.
Natəvanın bir sıra şeirlərinə mahnılar bəstələnib. Mərhum bəstəkarımız Vasif Adıgözəlovun Natəvanın sözlərinə bəstələdiyi “Qərənfil” mahnı-romansı çox uğurlu alınıb. Həmçinin Məmməd Rahim “Natəvan” poemasını, İlyas Əfəndiyev “Natəvan” pyesini yazıb.
Xurşidbanu Natəvan 1897-ci il, oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanındadır. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və müzeylərimizdə saxlanılır.
Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Natəvanın Şuşadakı büstü ermənilər tərəfindən vəhşicəsinə güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının  səyləri ilə  həmin büst aşkar edilərək Bakıya gətirilib.  Hazırda  İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilir.
Xurşidbanu Natəvanın 180 illik yubileyi  dövlət səviyyəsində qeyd edilib.

Xatırladaq ki, XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında qoyulmuş abidəsinə qarşı ermənilər tərəfindən iki dəfə məlum vandalizm hadisəsi törədilmişdi. (Ətraflı: http://xudaferin.eu/natvanin-heykli-avropada-vandalizmin-qurbani-oldu.html).

Hal-hazırda həmin abidə tam şəkildə bərpa olunmuşdur.

P.S. Abidənin bütün xərcləri Azərbaycanın Belçika Krallığındakı səfirliyi, xüsusilə fövqəladə və səlahiyyətli səfirimiz cənab Fuad İskəndərovun rəhbərliyi tərəfindən çəkilmiş və təmir-bərpa işləri həyata keçirilmişdir. Həmçinin analoji halların təkrar olunmaması üçün də müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirmişdir. "Avropada Azərbaycanın Dostları" Cəmiyyəti cənab İskəndərova dərin təşəkkürünü ifadə edir.

Şamil Şəkərəmli

Belçikadan xüsusi olaraq "Xudafərin" jurnalı üçün

14:48