Xəlil Kələntər: Prezident İlham Əliyev dünya azərbaycanlılarını sıx yumruq kimi birləşdirərək böyük Zəfərə imza atıb

Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirərək böyük Zəfərə imza atdı.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Prezident İlham Əliyevin təsis etdiyi “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif edilən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində dünya miqyasında tanınmış alim Xəlil Kələntər deyib.

Diaspor rəhbəri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son illər nəinki bizim hamımızın sevimli Vətənini qüdrətli dövlətə çevirib, həmçinin bütün dünya azərbaycanlılarını vahid amal uğrunda sıx yumruq kimi birləşdirməyi də bacarıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor fəaliyyətini yeni mərhələyə qaldıran dövlətimizin başçısı ötən ilin payızında baş verən 44 günlük müharibə zamanı dünyanın hər yerinə səpələnmiş soydaşlarımızı yeganə məqsəd uğrunda birləşdirərək, Azərbaycanın böyük qüdrətini bütün dünyaya nümayiş etdirib. Bu işə bizim fəaliyyətimizi əlaqələndirən mərkəz kimi Diasporla İş üzrə Dövlət Komitəsi də öz töhfələrini verib. Məhz komitənin həm öz təşəbbüsü, həm də müxtəlif ölkələrdən irəli sürülən təklifləri dəstəkləməsi nəticəsində Vətən müharibəsi vaxtı çoxsaylı tədbirlər, mitinq və nümayişlər təşkil olunub. Azərbaycan diasporu erməni lobbisindən heç də zəif olmadığını, hətta bəzi məqamlarda onu üstələdiyini də ortaya qoyub.

“Biz artıq yaşadığımız ölkələrdə qalib xalqın nümayəndələri kimi başı uca gəzir, təmsil etdiyimiz Azərbaycanın adı ilə qürur duyuruq. Eyni zamanda, bu, diaspor təşkilatlarımızın qarşısında yeni vəzifələr qoyur, Azərbaycan adını ucaltmaq, dövlət bayrağımızı daha yüksəklərə qaldırmaq üçün məsuliyyətimizi artırır. Bununla yanaşı, bizi daha əzmlə çalışmağa ruhlandırır”, - deyə diaspor sədri bildirib.

 

Xudaferin.eu

15:16