XİN: 'Qarabağdakı referendum təxribatdır'

 

“Xarici İşlər nazirliyi (XİN) Azərbaycan ərazilərində Ermənistanın yaratdığı qeyri-qanuni rejimi təcavüzün mütləq nəticəsi olduğunu bir daha bəyan edir”

 

Azərbaycan XİN-in bəyanatında belə yazılır.

Bəyanatda qeyd edilir ki, fevralın 20-də Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsinin planlaşdırması qəbul edilməyəcək: “Bu təxribatçı addımdır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”- bəyanatda vurğulanır.

Sənəddə bu addım Ermənistanın nəzarətində olan ərazilərin, demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirməsi kimi dəyərləndirilir. XİN hesab edir ki, bu, Ermənistanın regional və beynəlxalq sülhə, təhlükəsizliyə xələl gətirdiyi, onu təhlükə altına qoyduğu anlamına gəlir.

XİN bəyan edir ki, nəzərdə tutulan “referendum” Azərbaycan Konstitusiyası, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. İstər Azərbaycan, istərsə də dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda elan edilən separatçı respublikanı tanımır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

 

Xudaferin.eu

 

08:40