XİN Azərbaycanın İrandakı dörd diplomatının “arzuolunmaz şəxs” elan edildiyini təsdiqləyib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki baş konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı yerli medianın sualına cavablandırıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Ayxan Hacızadə mətbuatda bu günlərdə yayılmış sözügedən xəbərin yeni olmadığını deyib.

“Məlum olduğu kimi, cari il aprelin əvvəlində İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.

İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvarda təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib. Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”, - deyə o qeyd edib.

Xudaferin.eu

16:33