Xidmət qurumlarının reketliyinə hüquqi qiymət verilmir

 

AZƏRSU, AZƏRİQAZ, AZƏRİSTİLİK,TELEFON XİDMƏTİ TƏXRİBATLA MƏŞĞULDUR

 

Son çağlarda məcburi köçkünlərin güzəştlərinin ləğv olunaraq aylıq müavinətlə əvəz olunması xidmət qurumlarının işini daha qabarıq gündəmə gətirib. Heç demə, bu qurumlar indiyədək görəvlərini yerinə yetirib əhalini sayğacla belə təmin etməyiblərmiş . Haqlı sual doğur: Niyə? Bəyəm xidmət qurumları, ”Qaçqınkom”, hökumət özü elə Prezident fərmanından fərmanına xidmətində durduğu insanları yada salır? Özü də necə? Qarın-çovğunun tüğyan etdiyi çağda zavallı köçkünlərin işıqlarını kəsməklə? Azərişıq bəs niyə indiyədək qaçqın düşərgələrini sayğacla təmin etməyib?

Hələ işıq xidməti digərlərinin yanında toya getməlidir, heç olmasa işıq, sayğacsız da olsa, verilirmiş . “Azəriqaz”, “Azərsu”, “Azəristilik”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) isə heç qaçqınları yada da salmır. Belə çıxır, indiyədək şəhərin sanatoriyalarında elementar infrastruktur belə olmayıb? Rabitə xidmətini bir yana qoyaq. Mobil operatorlar insanları yarıkönül-yarıməcbur stasionar telefon xidmətinə “yadlaşdırıb”. Bəs qaza, suya, istiliyə nə gəlib?

Sözügedən xidmət qurumlarının gerçəkdə insanlara “reketlik xidməti” göstərmələri, qanuna, qərara zidd olaraq “daxili oğru qaydaları” ilə işləmələri üzə çıxır. Fikir verin, “Azərsu”, ”Azəriqaz” vətəndaşın Bakının mərkəzində yerləşən evinə su, qaz çəkməkdən imtina edir ki, su xətti ərazidən keçmir, telefon kabelləşməsi yoxdur, qaz xəttini vətəndaş özü çəkməlidir!(??) Ərazidə suyun, qazın olmaması bəyəm istehlakçının təqsiridir? Niyə yaşayış massivi infrastrukturla təmin olunmayıb? Bəs əhali neyləməlidir? Axı hamının imkanı yoxdur öz hesabına özünü sosial infrastrukturla təmin etsin! Vətəndaş özünə qaz, su, işıq çəkəcəksə, onda bu xidmət qurumlarının xidmətinin adı nədir? Reketlikdən özgə ad fikirləşmək olmur. Bir neçə il öncə xidmət qurumlarının başlıca reketliyi fiziki şəxslərə texniki şərtin və sayğacın 500 manatdan 5 min manata (bir çox hallarda isə on minlərlə manata) kimi ödəniş qarşılığında verməsində özünü göstərirdi. Medianın bu “reketlik xidməti”ni gündəmdə saxlamasının sonucu olaraq bağlantılı qurumlar texniki şərtin və sayğacın fiziki şəxslərə pulsuz verilməli olmasını NK-nın müvafiq qərarları ilə anlatdılar. Bundan sonra xidmət qurumları yeni “reketlik” qaydaları fikirləşmək yolunu tutublar. Baxın, sayğaca kimi bütün işlər xidmət qurumun hesabına olduğu halda abonentlərdən 5-10 metrlik qaz, su, işıq xəttinə görə 500-1000 manat arası və daha çox pul tələb olunur!(??) Xidmətin “ASAN”a verilməsi problemi nəinki asanlaşdırıb çözür, əksinə, daha da çətinləşdirir . Axı bu “ASAN”da xidmət göstərənlər də elə sözügedən xidmət qurumlarının təmsilçiləridir! Hətta “ASAN”da tələb olunan məbləğ ikiqat-üçqat artıq olur. Texniki şərtin alınması ilə sayğacın quraşdırılmasını xidmət qurumu anında etməli olduğu halda çeşidli bəhanələrlə görəvini yerinə yetirmir. “Azərsu” ASC-nin bu sayğac reketliyində özəl rolunu vurğulayaq . Bu qurum abonentə texniki şərti verir , amma illər keçsə də, sayğacı qoymur ki, fiziki şəxs, fərdi sahibkar özü bazardan SMART KART tipli sayğac almalıdır (??). İstehlakçı hüququnun kobud pozuntusuna da hüquqi qiymət verilmir. Konstitusiyanın 73- cü maddəsinə görə, heç kimdən qanunda nəzərdə tutulduğundan artıq ödəniş tələb oluna bilməz. “Azərsu” və digər xidmət qurumlarının bu korrupsiya əməllərinin illərdir “çiçəklənməsi” hüquq-mühafizə orqanlarının şübhəli susqunluğu ilə baş verir.

Bir sözlə, xidmət qurumları dövlətin və onun başçısının sosial siyasətini təxribat edir. Köçkünlərin və əhalinin sosial müdafiəyə ehtiyac duyan təbəqəsinin son çağlarda daha qabarıq sərgilədikləri aksiyalar da bu təxribatın sonucudur. Sosial etirazları polisin zor gücü ilə yatırmaq yolunu tutan hökumətin xidmət qurumlarına qanunun, hüququn zorunu göstərmələri daha məqsədə uyğun olardı…

Məğrur Bədəlsoy

10:14