XƏBƏR SAYTLARI NƏZARƏTƏ ALINIR, YOXSA...?

 

Arif Əliyev: “Hesab edirəm ki, bunlar daha çox texniki nəzarəti və müdaxiləni gücləndirməyə imkan verir”

Mehman Əliyev: “Güclə, hədə-qorxu ilə medianı idarə etmək mümkün deyil”

Yadigar Məmmədli: “Bu, jurnalistlərin professional fəaliyyətindən asılı olacaq”

 

Azərbaycanda "az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Milli Məclisə tövsiyə edilmiş layihədə “.az” domeninə məxsus saytların layihədə nəzərdə tutulan normalara əməl etmədikdə müvafiq icra hakimiyyətəri tərəfindən dayandırılması hüququ tanınır.

“Bunlar daha çox texniki nəzarəti və müdaxiləni gücləndirməyə imkan verir”

Mövzu ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, bunlar artıq məhdudlaşdırıcı normalardır: “Azərbaycan qanunvericiliyinə görə, internet kütləvi informasiya vasitələrinə bərabər tutulub. Yəni saytlar da kütləvi informasiya vasitələri hesab olunur və kütləvi informasiya vasitlərini tənzimləyən normalar onlara da şamil edilir və burada kifayət qədər bütün normalar öz əksini tapıb. Hətta artıq narahat edən normalar da var. Ona görə də internetin xüsusi qanunlarla tənzimlənməsi onun məhdudlaşdırılması cəhdindən başqa bir şey deyil. Çox ehtimal ki, söhbət texniki nəzarətin gücləndirilməsi üçün rəsmi normalardan gedir. Düzdür, qanunvericilikdə nəzərdə tutulan dəyişiliklərə baxdım, ümumi fəaliyyətin bilavasitə məzmununa aid nəzarət digər qanunlarda da var. Ona görə, hesab edirəm ki, bunlar daha çox texniki nəzarəti və müdaxiləni gücləndirməyə imkan verir”.
 

“İcra orqanı tərəfindən hər hansı sayt dayandırıla bilməz”
 

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə qeyd etdi ki, nəzərdə tutulan dəyişikliklər şübhə yaradır: “O dəyişiklikdə çöx böyük şübhə yaradan böhtan və qeyri-dəqiq informasiyanın yayılması var. Bunu qəbul etmirəm. Bu qanunda olmamalıdır. Bu, qanunvericiliyə ziddir. İcra orqanı tərəfindən hər hansı sayt dayandırıla bilməz. Bu ancaq məhkəmə predmetidir. O ki qaldı, bəzi başqa maddələr də orda var. Dövlət sirrinin yayılması məsələsi aydındır. Amma bütövlükdə hər hansı bir qərarın qəbul olması ancaq məhkəmə yolu ilə olmalıdır. Müvafiq icra orqanı tərəfindən dayandırıla bilməz. Bu, ancaq məhkəmə predmetidir. Ona görə, bu, yolverilməzdir. Bu, gətirib özbaşnalığa çıxaracaq”.

M. Əliyev dedi ki, bu məsələyə öz etirazını ortaya qoyacaq: “Amma söhbət ondan gedir ki, mən nəyə görə etiraz edirəm. Hər hansı bir saytın ləğv olunması ilə bağlı tələb icra orqanı tərəfindən yox, ancaq məhkəmə tərəfindən oluna bilər. Müvafiq icra orqanı məhkəmədə təşəbbüs qaldıra bilər. Onun tərəfindən hansısa saytın bağladılması yolverilməzdir”.

“Söhbət “az” domendən gedirsə, xeyli saytlar var ki, başqa domenlərdə işləyir. Kifayət qədər nəsə yazır və bunun qabağını almaq mümkün deyil. Bu cəfəngiyyatdır, ümumiyyətlə, qeyri- produktivdir və bu yol deyil. Sadəcə olaraq internet cəmiyyəti, şəbəkəsi ilə işləmək, yəni sistem yaratmaq lazımdır. Özünüidarəetmə sistemləri olmalıdır. Güclə, hədə-qorxu ilə medianı idarə etmək mümkün deyil. Heç kim də buna nail ola bilməyəcək”, - deyə M.Əliyev vurğuladı.
 

“Bu dəyişiklik nə dərəcədə proqressiv olacaq, onu zaman göstərəcək”

Demokratk Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli hesab edir ki, nurda söhbət nəzarətin güclənməsindən getmir, sadəcə olaraq bu sahədə olan boşluqların doldurulmasından, KİV sahəsindəki qanunların dolğunlaşdırılmasından gedir və internet medianı KİV haqqında qanunvericiliyə tam olaraq daşımaqdır: “Bu dəyişiklik nə dərəcədə proqressiv olacaq, onu zaman göstərəcək və bu, biz jurnalistlərin professional fəaliyyətimizdən asılı olacaq”.

 

Şamo
Hurriyyet.org

 

11:20