Xarici İşlər Nazirliyi diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair məlumat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair məlumat yayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən məlumatı təqdim edir:

Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun müsabiqə formatında həyata keçirilməsinə qərar verilib.

Dövlət İmtahan Mərkəzi ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində mərkəzləşdirilmiş qaydada, iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib.

Müsabiqənin Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il yanvarın 23-də təşkil edilən yazılı imtahan mərhələsində 460 nəfər iştirak edib.

Namizədlər qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 nəfər, habelə yazılı imtahan mərhələsi üzrə iştirakçıların apelyasiya müraciətlərinin nəticələri də nəzərə alınaraq, ümumilikdə 113 nəfər iştirakçı müsahibənin növbəti mərhələsinə dəvət olunub.

Diplomatik xidmətə qəbul müsabiqəsinin ikinci - müsahibə mərhələsi 10 may – 2 iyun tarixlərində təşkil edilib və müsahibədə 106 namizəd iştirak edib.

Müsahibə mərhələsinin yekunlarına əsasən, 67 namizədin nəticələri, o cümlədən apelyasiyaya müraciət edən iştirakçılardan 2 namizədin müsahibə nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub.

Diplomatik xidmətə qəbul müsahibəsindən müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara Azərbaycan Respublikasının diplomatik xidməti sahəsində gələcək fəaliyyətlətində uğurlar arzulayırıq.

Xudaferin.eu

16:19