Xaricdən alınan kreditlə yeni iş yerləri açılacaqmı?

Nemət Əliyev: «11 milyard dolların yaratdığı fəlakəti Samir Şərifovun 500 milyon dolları ilə kompensasiya etmək mümkün deyil»

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikann iqtisadi inkişafına dəstək məqsədilə  500 mln. məbləğində kredit sazişi imzalayıb. Bu barədə bankın Bakı ofisindən məlumat verilib. “Kredit sazişini maliyyə naziri Samir Şərifov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıblar”, – deyə bankın nümayəndəsi bildirib. AİB dekabrın 7-də Azərbaycana 500 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək. Vəsait AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində ayrılıb. Azərbaycan hökuməti kredit vəsaitini  1,4 mlrd. Dollar dəyərində qiymətləndirilən antiböhran tədbirlər paketinin reallaşdırılmasına yönəltməyi planlaşdırır. Antiböhran planına büdcədən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqqının, pensiya və sosial yardımın məbləğinin artırılması, əhalinin həssas təbəqəsinə dəstək göstərilməsi daxildir. Plan 3,7 mln. nəfəri və ya respublika əhalisinin 1/3 hissəsini əhatə edəcək. AİB vurğulayır ki, son iki ildə neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinliklər yaradıb. Bankın qiymətləndirmələrinə görə, neft və qazın satışından əldə olunan gəlir ÜDM-in 30%-ni, dövlət büdcəsi gəlirlərinin 60%-ni, ixracdan əldə olunan gəlirlərin 90%-dən çox hissəsini formalaşdırır. Belə vəziyyət iqtisadiyyatda resessiyaya, manatın devalvasiyasına, əhalinin real gəlirlərinin azalmasına səbəb olub. AİB, həmçinin islahatların hazırlanmasına dəstək məqsədilə Azərbaycana  1,2 mln. Dollar məbləğində texniki yardım göstərir. İş yerlərinin yaradılması, əmək haqlarının artırılması üçün xaricdən kredit cəlb olunması nə dərəcədə məntiqlidir. Hökumətin güvəndiyi iqtisadi inkişafın nəticələri bəs hardadır? İqtisadçı Nemət Əliyev bildirdi ki, ayrılan kredit hesabına Azərbaycanda yeni iş yerlərinin yaradılacağına ümid etmək olmaz. Fəlakətin miqyasının daha böyük olduğunu deyən N.Əliyev vurğuladı ki, iqtisadiyyata yatırılan kapitalın son iki illik vəziyyətinə nəzər yetirilsə, məlum olacaq ki, 2014-cü il il ilə müqayisədə kapital qoyluşunun həcmi 11 milyard dollar azalıb: «Bu qədər investisiya qoyluşunun 6 milyarddan bir qədər artığı bu ilin payına düşüb. Ötən il azalma 5 milyard dollar olub. İki il ərzində 11 milyard dollar investisiya qoyluşunda azalma var. Bu qədər azalma iqtisadi fəallığın aşağı düşməsi, iş yerlərinin itirilməsi anlamına gəlir. İndi 11 milyardın yaratdığı fəlakəti Samir Şərifovun 500 milyon dolları ilə kompensasiya etmək mümkün deyil. Hələ 500 milyonu iş yerlərinin açılmasına istifadə ediləcəyi sual altındadır. Çünki ölkədə dövlət maliyyə vəsaitlərinin normal xərclənməsində şəffaflıq yoxdur. Maliyyə vəsaitləri asanlıqla rüşvətin, korrupsiyanın yeminə çevrilir. Bu fəlakətli vəziyyətə görə xalqdan üzr istəməlidirlər. Etiraf etməlidirlər ki, bu işi bacarmadılar. Xalqı rahat buraxmalıdırlar ki, millət özünə normal hökumət seçsin və yaranmış uçurumdan çıxa bilsin».

Hikmət
Azadliq.info

10:52