Xaricdə yaşayan soydaşımız Firəngiz Bağırovadan daha bir uğur

 

Hazırda sizlərə təqdim olunan bu böyük layihə, Azərbaycan mədəniyyətinin, Avropa ictimaiyyətinə daha yaxından tanıdılması üçün atılmış növbəti bir addımdır. Bu layihə, Azərbaycan Respublikasının xalq artisti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, professor Firəngiz Əlizadənin, Niderland Krallığının tanınmış Groot Omroep xoru ilə birgə əməkdaşlığının nəticəsidir.

Layihənin təqdimat mərasimi 2017-ci il, 7 və 9 aprel tarixlərində, Amsterdam şəhərinin Het Koningrijk Concertgebouw-un ( Niderland Krallığının Böyük Teatrı ) böyük zalında keçiriləcək. Təqdimat mərasimində tamaşaçılar, F.Əlizadənin "Nasimi Passion" əsərini Krallığın Böyük teatrının orkestri və xorunun ifasında dinləyə biləcəklər. Qeyd etmək lazımdır ki, Hollandiyada yaşayan həmvətənimiz, vokal musiqimizin gözəl ifaçılarından biri olan Firəngiz Bağırovanın da layihənin ərsəyə gəlməsində və həyata keçirilməsində böyük zəhməti var. 20 ildən artıq bir müddətdə Hollandiyada yaşayan, Odlar Yurdu cəmiyyətinin sədri olan, orada Azərbaycan mədəniyyətinin təbliğatında böyük işlər görmüş Firəngiz Bağırova, Azərbaycan tamaşaçısına da yaxşı tanışdır. Hər dəfə Azərbaycana səfər etdikdə Firəngiz xanım, yerli TV-lərin qonağı olaraq gözəl ifası ilə Azərbaycan tamaşaçısını öz sehrli dünyasına qonaq edərək onların qəlbini fəth etməyi bacarır.

Məhz Firəngiz xanımın fevral ayından bəri layihə ilə bağlı gördüyü işlər sayəsində tamaşa ərsəyə gələrək təqdim olunacaq. Yeri gəlmişkən həmçinin onu da qeyd edək ki, İmadəddin Nəsiminin sözlərinə yazılmış musiqi əsərində Holland musiqiçilər və xor ifaçıları, Azərbaycan dilli ekspert olaraq məhz Firəngiz Bağırovanın köməyindən yararlanırlar . O, musiqinin xarakteri ilə yanaşı həm də, Azərbaycan dilinin düzgün tələffüzü üzərində əhəmiyyətli məsləhətlərini verməkdə davam edir.

Xudaferin.eu
“Avropa Bürosu”

08:16