Xaricə axan pulları necə geri qaytarmaq olar?

 

Son vaxtlar azərbaycanlı oliqarxlar və məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edərək, pullarını xarici valyuta ilə ölkədən çıxarmaqda davam edirlər.Problem də odur ki, sonradan da bu oliqarxların xaricə çıxartdığı pulları ölkəyə qaytarmaq mümkün olmur.Ekspertlərin fikrincə, oliqarxların ölkədən pul çıxartması təcrübəsi xarici ölkələrdə də mövcuddur.Amma Azərbaycan oliqarxları içərisində bu daha geniş yayılıb.Ölkədən çıxarılan pullar əksər hallarda banklardan kredit adı altında götürülmüş vəsaitlərdir ki, bunların da çox hissəsi hansısa əmlak alınmasına, yaxud da biznesə sərf olunub.

Bəzən də pul hansısa ofşor şirkətlərə yatırılıb. Maraqlısı isə odur ki, həmin kreditlər oliqarxların öz adlarına deyil, yaxın dostlarının, qohumlarının adına edilib. Bu sistem elə qurulub ki, həmin əmlakın həqiqi sahibi haqqında məlumat almaq da mümkün görünmür. Azərbaycanlı oliqarxların xarici banklarda saxladıqları milyardlarla dolları ölkəyə niyə gətirmək mümkün olmur? İqtisadçı-ekspert Akif Nəsirli açıqlamasında deyib ki, bu vəsaitlər Azərbaycandan hansı təyinatla, hansı yolla çıxarılmasından asılı olmayaraq, bu məbləğlərin, hətta xaricdə qanuni əsaslarla yatırımların geri qaytarılması çox çətin problemdir: “Xarici təcrübədə də bu mümkün olmayan bir şeydir. Bunun iki variantı var. Birinci, o oliqarxlar sıradançıxarılır, həbs edilir və onların xaricə çıxartdığı vəsaitlər geri tələb edilir.Azərbaycan hökuməti bunun üçün beynəlxalq məhkəmədə sübut etməlidir ki, həmin oliqarx o pulları oğurlayıb.Yəni, bu sübut olunmalıdır.Bu da çox çətin bir prosesdir.İkinci, dünya özbaşına deyil, dünyanın da ümumi bir yiyəsi var. Bəziləri buna dünya düzəni, dünya mafiyası deyirlər ki, konkret olaraq onlar dünyanı idarə edirlər.Onların konkret rəsmi və ya qeyri-rəsmi adı yoxdur.Sadəcə, onlar gücdür.Əgər oliqarxa məxsus xarici banklarda vəsaitlər sübut olunsa, o dünya güclərinin konkret rəyi olmalıdır”.

Ekspert qeyd edib ki, tək Azərbaycandan deyil, kölgə iqtisadiyyatı çox olan ölkələrdən belə pullar axır: “O pullar da əsasən dünya düzəninə xidmət edir. Həmin pullar həm sahibi üçün pul qazanır, həm də onlara xidmət edir.Həmin pulların geri qytarılması heç bir praktikada yoxdur.Tutaq ki, 100 milyard oğurlanıbsa, onun 3 milyardını qaytarırlar və rəsmən elan edirlər ki, filan yerdən oğurlanmış pullar geri qaytarıldı.Məsələn, Qəddafinin 70 milyardından 1 milyardı ölkəyə qaytarıldı.Qalan pullar hara getdi, bilən yoxdu.Halbuki onun 70 milyard pulunun xarici bankda yatırıldığı dəqiq araşdırılmışdı.Hətta ölkələr də göstərilmişdi”.

Akif Nəsirlinin sözlərinə görə, ölkədaxili sərmayə mühitini etibarlı etməklə, oliqarxlarları əmin etmək olar ki, sərmayə qoymaq üçün Azərbaycan təminatlı məkandır: “Onları inandırmaq lazımdır ki, İsveçrə, Fransa, Almaniyada iş qurmaqdansa, gəlib ölkəsində iş qursun. Həm o pullar geri qayıtsın, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət eləsin, həm də ölkədə güvən üçün münbit şərait olsun ki, bu pullar itməyəcək, mənimsənilməyəcək, sahibkarın əlindən alınmayacaq.Bu halda biz onlara oliqarx kimi deyil, sahibkar kimi baxmalıyıq.Nə olubsa, olub.Buna bir son qoyub, yeni həyata, yeni iqtisadiyyata başlamaq lazımdır.Bunun üçün ilk növbədə maliyyə amnistiyası verilməlidir.Bundan sonra ölkədə deklarasiya məsələsi həll edilməlidir. Hər bir vətəndaş il ərzində qazandığı pulun deklarasiyasını dövlətə təqdim etməlidir. Bir sözlə, şəffaflıq və sığorta olmalıdır. Bu halda sahibkar özü maraqlı olacaq ki, o pulları vətənə keçirsin və doğulduğu yerdə qazansın, bu xalqa, dövlətə iqtisadi baxımdan xeyir versin. Əslində maliyyə amnistiyasının icrası bir nüansdır.Sonra davamlı proqramlar getməlidir. Oliqarxları, iş adamlarını tam əmin etməliyik ki, sənin pulların Azərbaycanda  batmayacaq, itməyəcək, bu sənin kapitalındı, sənə aiddir”.

Alçina Amilqızı

Cebhe.info

10:30