Xalqa bağışlanmış ömürdən anlar: 1973-cü il

Xudaferin.eu AZƏRTAC-a istinadən müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
9 may. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılışı mərasimində nitq söyləyib.
11 sentyabr. Respublikanın pambıqçılıq rayonları rəhbərlərinin zona müşavirələrində çıxış edib.
13 sentyabr. İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə keçirilən yubiley mərasimində nitq söyləyib.
9 oktyabr. XXIV Beynəlxalq astronavtika konqresinin iştirakçıları ilə görüşüb.
31 oktyabr. Qafqaz uğrunda döyüşlərin 30 illiyi münasibətilə təntənəli yığıncaqda çıxış edib.
20 noyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.
13 dekabr. Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

X X X

Ulu öndər Heydər Əliyev istər təhlükəsizlik orqanlarında xidmət etdiyi vaxt, istərsə də Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə xalqımızın tarixinə yazılan işlər görüb. Bu taleyüklü fəaliyyətin nümunələrindən biri də cəsur kəşfiyyatçı və əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xidmətlərinin üzə çıxarılmasıdır. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, göstərdiyi şücaətin təbliğində Ümummilli Liderin müstəsna xidmətləri olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlər göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyət və peşəkarlıqla topladığı materiallar, sorğular, rəylər və şahid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş və qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl və təsirli arayış hazırlandı. Həmin sənəd baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərildi. 1957-ci ilin aprelində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk illərində Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsinə göstəriş verdi və çox keçmədən Bakıda qəhrəmanın əzəmətli abidəsi ucaldı. 1973-cü il mayın 9-da abidəsinin təntənəli açılışında iştirak edən dahi rəhbər Heydər Əliyev Mehdi Hüseynzadənin göstərdiyi şücaətlərin real qiymətini verməklə yanaşı, azərbaycanlıların faşizm üzərində qələbəyə verdikləri töhfələrdən söz açdı.
Sitat: Azərbaycanın oğul və qızları düşmənə qarşı igidliklə vuruşurdular. Onların bir çoxunun adları ölkənin hərb salnaməsinə qızıl hərflərlə yazıldı. Respublikamızın 114 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 166 mindən çox nümayəndəsi döyüş ordenləri və medalları ilə təltif edildi. Məşhur sərkərdə general Həzi Aslanovun, qvardiya serjantı Gəray Əsədovun, döyüşdə öz komandirini köksü ilə qorumuş matros Qafur Məmmədovun, snayper İsrafil Məmmədovun və bir çox başqalarının adları bütün ölkəyə bəllidir”.
Ulu Öndər Azərbaycan xalqının ən böyük sərvətlərindən biri olan klassik irsə xüsusi dəyər verirdi. Bu baxımdan Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması istiqamətində atılan addımlar diqqəti cəlb edir. Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edildi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olundu. Həmin dövrdən etibarən klassik Azərbaycan mədəniyyətinin daha əhatəli tədqiqi davamlı xarakter aldı. İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə 1973-cü il sentyabrın 13-də keçirilən yubiley mərasimində Heydər Əliyevin söylədiyi nitq klassiklərimizin irsinin qorunub-saxlanması və sistemli tədqiqi üçün proqram sənədi oldu.
Azərbaycanda milli kosmik sənayenin təməl daşının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, 1973-cü il oktyabrın 7-dən 13-dək Bakıda “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında 24-cü Beynəlxalq Astronavtika konqresi keçirildi. Oktyabrın 11-də xarici qonaqlar, kosmonavtlar və astronavtlar ölkə ziyalıları və elmi ictimaiyyət nümayəndələri ilə görüşdülər. Görüşdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev və büro üzvləri iştirak edirdilər. Tədbir SSRİ Elmlər Akademiyasının akademiki, Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezident Leonid Sedov, Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitano, Kaliforniya Texnologiya İnstitutunun reaktiv mühərriklər laboratoriyasının direktoru Vilyam Pikerinq, eləcə də ABŞ, Fransa, Çexoslovakiya və digər ölkələrdən olan görkəmli alimlərin çıxışları ilə yadda qaldı.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən gənclərin təhsilini diqqətdə saxlayırdı. 1973-cü il dekabrın 13-də Moskvanın ali məktəblərində təhsil alan tələbələrlə görüşərək onların təhsili ilə maraqlandı və tövsiyələrini verdi. Ötən əsrin 70-80-ci illərində Sovet İttifaqının nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gəncin təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması təmin olundu.
Ulu Öndərin Azərbaycana rəhbərliyinin ilk illəri, həmçinin bölgələrə mütəmadi səfərlər və kənd təsərrüfatı əməkçiləri ilə iş başında görüşlərlə səciyyəvidir.

Xudaferin.eu

20:54