Xalq Artisti Rauf Abdullayevin sənət işığında

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli və tanınmış dirijor, “Şərəf” və “İstiqlal” ordenli, Xalq Artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə sənətkarı yubileyi və bu yaxınlarda ölkə prezidentinin sərəncam ilə “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edərək onun milli musiqimizin inkişafındakı xidmətlərindən danışılıb. Bildirilib ki, Azərbaycan musiqisinin inkişafında və dünya miqyasında tanıdılmasında böyük bəstəkarın misilsiz xidmətləri olub. Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib, daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil alıb. Görkəmli dirijorun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə böyük uğurla çıxış edib. Rauf Abdullayevin musiqi sənəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, 1970-ci ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə xalq artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf”, 2017-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib. Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:01