Xalq artisti Ağaxan Abdullayev vəfat edib

Azərbaycan Respublikasının xalq artisti Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra vəfat edib. 1950-ci ildə Bakının Əmircan kəndində anadan olan xalq artisti Ağaxan Abdullayev 1969-1973-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən Asəf Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə “Əməkdar Artist”, 1998-ci ildə “Xalq Artisti” fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, ötən il mayın 10-da isə “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif edilib.

Xudaferin.eu

P.S. “Avropa Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, “Xudaferin.eu” dərgisinin və saytının baş redaktoru Elman Mustafazadə bütün kollektivin adından xalq artisti və görkəmli xanandə Ağaxan Abdullayevin vəfatı münasibəti ilə mərhumun ailəsinə, yaxınlarına və sənətsevərlərə dərin hüznlə başsağlığı verir. Uca Tanrıdan ona rəhmət diləyirik.

 

17:31