Xalid Bağırov: Minə yaxın vəkil 350 min məhkəmə işi ilə üz-üzə qalacaq

 

Hüquqşünas Xalid Bağırov "Amerikanın Səsi" radiosuna müsahibəsində Ali Məhkəmənin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi nümayəndəlik institutunun aradan qaldırılmasını nəzərdə tutan qanundan danışıb.

Sual: Milli Məclis Ali Məhkəmənin təşəbbüsü ilə nümayəndəlik institutunun ləğvini nəzərdə tutan qanun qəbul edib. Ali Məhkəmənin belə təşəbbüslə çıxış etməsinə səbəb nədir? Bu qanununun vətəndaşlara faydası nə olacaq?

Cavab: Ali Məhkəmənin rəsmi müraciətində məqsəd kimi göstərilib ki, hüquqi yardım institutunun keyfiyyətinin artırılması niyyəti daşıyırlar. Təbii ki, bu, normal niyyətdir. Çünki Azərbaycanda hüquqi yardım institutunun kifayət qədər islahata və keyfiyyətinin artırılmasına ehtiyac var. Amma həmişə olduğu kimi, yenə də islahat arxadan, epizodik aparılır. Problemlərin həllinə yönəlmir, əksinə yeni problemlər yaradacaq bir formada aparılır. Məsələ odur ki, ölkədə cəmi minə yaxın vəkil var. Amma bazarda haradasa on minə yaxın adam fəaliyyət göstərir. Belə çıxır ki, ölkədə əsas yük, məsələn mülki və inzibati mübahisələrdə yük qeyri-vəkil olan nümayəndələrin üzərinə düşürdü. Bu gün isə bu institut birdəfəlik ləğv olunur. Haradasa ölkədə 350 mindən artıq olan mübahisələrlə 1000 nəfərə yaxın vəkil məşğul olacaq. Bu rəqəm həddindən artıq azdır. Bu rəqəm kifayət qədər problem yaradacaq. Çünki bu, ilk əvvəl bazarda qiymətləri artıracaq. Sonra vətəndaşların hüquqi yardıma əlçatımlılığında problem yaradacaq. Üçüncü də korrupsiogen faktoru artıracaq. Çünki hüquqi yardım olmayan yerdə korrupsiya əmələ gəlir. Bu islahatlar əslində necə aparılmalıdır? İlk əvvəl vəkillik institutu inkişaf etdirilməli idi. Daha sonra nümayəndəliyin ləğvi ilə bağlı məsələ düşünülməli idi.

 

Sual: Sizin də təmsil olunduğunuz "Praktik Hüquqşünaslar Qrupu" qanunun əleyhinədir və noyabrın 18-nə etiraz aksiyası təyin edib. Fikrinizcə, etirazınızın qərarverici rəsmilərə təsiri ola bilərmi?
 

Cavab: Biz bu aksiyanı təyin edərkən, qanun hələ prezident tərəfindən imzalanmamışdı. Ümidimiz var idi ki, bu aksiya ilə biz mövqeyimizi daha geniş şəkildə ölkənin qərarverici instansiyalarına çatdıracağıq. Təəssüf ki, biz aksiya üçün müraciət etdikdən sonra prezident həmin qanunu imzaladı. Bu gün biz aksiyamızın aktuallığını yenidən müzakirə edəcəyik. Ola bilsin ki, biz yenə aksiyada israrlı olaq. Çünki ümid edə bilərik ki, ola bilər ki, yenidən bu məsələyə qayıdılıb islahatı bu şəkildə aparmayacaqlar.

Sual: Ölkədə hazırda fəaliyyətdə olan vəkillər məhkəmələrdə cinayət, inzibati və mülki işlərdə insanların hüquqlarını müdafiə edə biləcəkmi?

Cavab: Təsəvvür edin ki, bu gün hazırda minə yaxın vəkil var. Minə yaxın vəkil haradasa 350-400 min arasında məhkəmə işi ilə üz-üzə qalacaq. Təbii ki, bu rəqəm kifayət qədər azdır. Minə yaxın vəkil üçün bu qədər işə çıxmaq mümkün deyil. Nəzərə alsaq ki, yeni vəkilliyə qəbul imtahanlarında daha minə yaxın hüquqşünas iştirak edəcək, onların mini də vəkilliyə qəbul olunsa belə, yetərli deyil. Azərbaycanın bu gün minimum 10 minə yaxın vəkilə ehtiyacı var. Çünki əhalisi bizdən az qala iki dəfə az olan Gürcüstanda 5 min vəkil var. Bu rəqəm daha çox olarsa hüquqi yardım institutu daha yaxşı inkişaf edər. Həm də rəqabətli sistemdə vəkillərin özləri daha yaxşı inkişaf edə bilər.

 

Sual: Mövcud durumdan çıxışı nədə görürsünüz?

 

Cavab: Mövcud durumdan çıxış bu qanunun qüvvəsinin təcili dayandırılmasıdır. Bu, hansı şəkildə edilməlidir, onu bilmirəm. Onsuz da, dünən daha bir hadisə oldu. Milli Məclis bir ay öncə qəbul etdiyi İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi ləğv etdi. Bizdə bu, mümkündür. Hətta prezidentin belə müəyyən səlahiyyətləri var, qanunun qüvvəsini dayandıra bilər. Bunun əvəzində hüquqi yardım sahəsində paket islahatlar hazırlanmalıdır. Bu paket islahatlar iki istiqamətə yönəldilməlidir. Birinci istiqamət vəkillik institutunu cəlbedici bir islahat olmalıdır ki, vəkillərin sayı dərhal artsın. İkincisi isə dövlət hesabına hüquqi yardım institutu təkmilləşdirilməlidir. Bu gün o institut ölü vəziyyətindədir. Bundan sonra nümayəndəlik institutunun taleyi düşünülə bilər. Bizim islahatlar arxadan başlayıb. Ən axırıncı hərəkəti birinci etdilər. Sanki daha yuxarı qalxmaq əvəzinə situasiyanı daha dibə endirdilər. Problemi daha da dərinləşdirdilər. İndi artıq bu səhvdən qayıdıb başqa istiqamətə getmək lazımdır.

 

TURAN İA

 

10:08