Xadimə, pinəçi, təmirçilərin ümidinə qalmış BÜDCƏ

Yeni qanunla pinəçilərdən, müğənnilərdən vergi tutulacaq

Akif Nəsirli: “Az qazanandan az, çox qazanandan isə çox vergi alınmalıdır”

El şənliklərində və müxtəlif mərasimlərdə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq. Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub. Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyicisi olacaq. Sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:
- Bakı (kənd və qəsəbələr daxil olmaqla) – 2
- Gəncə, Sumqayıt, Xırdalan - 1.5
- Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan – 1
- Digər şəhər və rayonlar - 0.5
Bununla yanaşı lüks avtomobil sahiblərindən də əlavə verginin alınması nəzərdə tutulub. İqtisadi böhran yaşayan hökumət görünür, boşalan büdcəni doldurmaq üçün bu yola əl atıb.
İqtisadçı-ekspert Akif Nəsirli də hesab edir ki, dövlətin yeni vergi siyasəti məhz büdcənin doldurulmasına hesablanır: “Dövlət büdcəsinin azalması bu mövzunun aktuallaşmasına səbəb olub. Dövlət neft gəlirlərindən məhrum olan büdcənin bu yolla kompensasiya edilməsinə çalışacaq. Etiraf edək ki, Azərbaycan üçün bu vaxtadək vergi siyasəti o qədər də maraqlı olmayıb. İndiki zamanda isə dövlət büdcəsini doldurmaq üçün bu siyasət çox məhsuldardır. Çünki neft gəlirləri kifayət qədər azaldığı üçün dövlət büdcəsi boşalıb. Bu vaxtadək hökumət büdcənin böyük hissəsini neft gəlirləri hesabına doldura bilirdi. Yeni vergi siyasətinin tətbiqi ilə bağlı gözləntilər onu göstərir ki, hökumətin büdcəni doldurmaq üçün əsas çıxış yolu budur. Vergi siyasətində dəyişiklik olarsa, vergi verməkdən boyun qaçıran müxtəlif peşə sahibləri məcburi olaraq vergi ödəməli olacaq”. İqtisadçı hesab edir ki, bu gün Azərbaycanda müəyyən qazancı olan hər bir şəxs vergi ödəyicisi olmalıdır: “Görülən işdən qazanc əldə olunursa, mütləq vergi ödənilməlidir. O cümlədən də, sənət adamları, taksi sürücüləri vergi ödəməlidir. Sadələşdirilmiş vergi siyasəti tətbiq olunmalıdır. Gəlirlərin dövriyyəsi az olan vətəndaşlar 2 faizədək vergi ödəməlidir. Əlavə dəyər vergisi kateqoriyasına aid edilən sahibkarlar isə daha artıq məbləğdə vergi ödəməlidir”.
İqtisadçı vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif biznes sahələri olan sahibkarlar vergi ödəməkdən boyun qaçırır. O cümlədən də ev kirayəsi biznesi ilə məşğul olan şəxslər dövlət büdcəsinə xeyir verməkdən qaçır: “Qanunla ev kirayə verən şəxslər vergi ödəyicisi olmalıdır. Təəssüflər olsun ki, çox nadir hallarda biz evin kirayəsinin rəsmiləşdirildiyini və vergi ödənildiyini görə bilərik. Dövlətin əsas problemlərindən biri dövlət büdcəsini doldurmaqdır. Az qazanandan az, çox qazanandan isə çox vergi alınmalıdır”. A.Nəsirli həmçinin bir neçə o cümlədən də lüks avtomobil sahibi olan şəxslərə əlavə vergi təyin olunmasının vacibliyi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını deyib: “Bir neçə avtomobili olan şəxslərdən əlavə verginin alınmasının sosial vəziyyəti ağır olan təbəqəyə aidiyyatı yoxdur. Lüks avtomobillər də məmur təbəqəsinə aiddir. Lakin düşünmürəm ki, əlavə və lüks avtomobilə görə vergi alınmalıdır. Bu ayrıseçkilikdir”.
Qeyd edək ki, yeni vergi siyasətinə görə müğənni, aşıq, rəqqas və bu qəbildən olan digər şəxslər aylıq 30, foto və video çəkilişi edən şəxslər 30, pinəçilər və sənətkarlar 5, təmir işi ilə məşğul olanlar, xidmətçilər 10 manat vergi ödəməli olacaq.

Nigar Məhərrəm
Cebhe.info

15:54