Vüqar İskəndərov: Ermənistanın silsilə cinayətlərinə birdəfəlik dur deməyin vaxtıdır

Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycan xalqına və dövlətinə qarşı misilsiz cinayətlər törədib. Özü də bu cinayətlər təkcə insanlara qarşı deyil, eyni zamanda, torpağa, təbiətə, meşələrə, təbii sərvətlərimizə qarşı da törədilib. Qırx dörd günlük Vətən müharibəsindən sonra torpaqlarımız düşmən işğalından azad olundu və bundan sonra Ermənistanın misilsiz cinayətləri gün işığına çıxdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Məğlub olmasına baxmayaraq Ermənistanın öz terrorçu, işğalçı, talançı siyasətindən əl çəkmədiyini diqqətə çatdıran deputat əlavə edib: “Bəlli olduğu kimi, 2020-ci ilin noyabrından sonra müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətinə keçən Azərbaycan torpaqlarında da bu cür cinayətlərin törədilməsi davam edirdi. Həmin ərazilərdə erməni cinayətkarları tərəfindən ekoloji terrorun törədilməsinə, həmçinin təbii sərvətlərimizin qanunsuz istismarına etiraz edən vətəndaş cəmiyyəti və media təmsilçiləri isə müasir dünya tarixinə düşən etiraz aksiyası keçirdilər. Məmnuniyyətlə qeyd edək ki, bu aksiya öz məqsədinə çatdı. Bununla belə, “qozbeli qəbir düzəldər” misalında olduğu kimi Ermənistan rəhbərliyi yeni-yeni cinayətlərlə, o cümlədən ekoloji terrorla bağlı “baş sındırır”. Hər halda son məlumatlar belə deməyə əsas verir”.

Deputat qeyd edib ki, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Vaxtilə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz xətti üzrə Araz çayı boyunca dəmir yolu işlək olub. Ərazidə zavodun tikintisinə 70 milyon dollar dəyərində ABŞ sərmayəsinin qoyuluşu nəzərdə tutulur.

“Məhz bu bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, beynəlxalq birlik, xüsusilə də ekologiyanın qorunmasını özünün başlıca prinsipi hesab edən xarici təşkilatlar buna etiraz etməlidirlər. Eyni zamanda, ABŞ tərəfinə də bu zavodun tikintisinə sərmayə qoymağı nəzərdə tutduğu üçün ciddi şəkildə etiraz edilməlidir. Ümumiyyətlə, Ermənistanın silsilə cinayətlərinə birdəfəlik dur deməyin vaxtıdır”, - deyə Vüqar İskəndərov vurğulayıb.

Xudaferin.eu

16:06