VƏTƏNPƏRVƏRLİK --- ŞÜARLA ÖLÇÜLMÜR.....

Bu günlərdə dəyərli ziyalımız , Avropada " Azərbaycanın Dostları" Cəmiyyətinin rəhbəri -- Elman Mustafazadə sosial şəbəkələrdə ürək ağrısı ilə  "MİLLƏTÇİLİYİMİZ NİYƏ YALNIZ MÜHARİBƏ BAŞLAYANDA OYANIR ?" başlıqlı yazı ilə çıxış etmişdi. Hörmətli ziyalımızın qaldırdığı məsələlərə mənim münasibətim aşağıdakı kimidir :

= Bəzən insanı ən çox düşündürən sualların cavabı ən sadə görünən həqiqətlərin içində gizlənir.
İnsanlar niyə yalnız müharibə başlayanda millətçi və vətənpərvər olurlar...?!
Niyə Vətən sevgisi  yalnız top səsləri eşidiləndə, səfərbərlik elan olunanda, şəhid tabutları gələndə və  bayraqlar meydanlara çıxanda güclənir...?! 
Niyə sülh dövründə vətəndaşların hüququ pozulanda, insanların haqqı yeyiləndə, qazilərin  problemi həll olunmayanda, korrupsiyaya və inhisarçılığa etiraz ediləndə, sosial ədalətsizlikdən danışanda  “millətçilik” susur...?! 
Bu sualların cavabı yalnız siyasi deyil. Burada tarixi, sosial, psixoloji və mənəvi səbəblər vardır.
Psixoloji cəhətdən mühariblər insanlarda -- "biz" -- hissini gücləndirir.
Tarix göstərir ki, xarici təhlükə qarşısında cəmiyyətlər  daxili problemləri ikinci plana keçirir.
Müharibə zamanı insanın qarşısında konkret təhlükə yaranır --- “biz” və “qarşı tərəf”. 
Belə şəraitdə milli kimlik hissi qabarır ;  daha görünən, emosional və səfərbəredici olur.
Psixologiya elmində  təhlükə və böhranların insanların qrup kimliyinə, həmrəyliyə və “biz” hissinə təsir edə bilməsi geniş şəkildə araşdırılır. Təhlükə --  insanları birləşdirən faktora çevrilir . Amma müharibə zamanı yaranan həmrəylik sülh dövründə vətəndaş məsuliyyətinə çevrilmir.
Çünki müharibədə düşmən xaricdədir və onu müəyyən etmək nisbətən asandır.
Sülh dövründə isə məsələ daha mürəkkəbdir.
Vətəni sevmək həm də  cəmiyyətin daxilindəki problemləri görmək ;  onların həlli üçün məsuliyyət tələb etmək deməkdir. Əsl vətənpərvərlik şüarla ölçülmür. Vətən yalnız sərhəd deyil.

Vətən həmin sərhədlərin daxilində yaşayan insandır.
Vətən qazinin evidir.
Vətən şəhid ailəsinin gündəlik həyatıdır.
Vətən kəndlinin torpağıdır.
Vətən fəhlənin əməyidir.
Vətən müəllimin sinfidir.
Vətən həkimin xəstəyə münasibətidir.
Vətən uşağın məktəbidir.
Vətən gəncin gələcəyidir.
Vətən sahibkarın qanuni və azad fəaliyyət göstərə bilməsidir.
Vətən vətəndaşın haqqını məhkəmədə ədalətlə müdafiə edə bilməsidir.
Vətən insanın öz ölkəsində özünü dəyərli və təhlükəsiz hiss etməsidir.
Deməli, Vətənə xidmət yalnız cəbhədə olmur.
Həkim xəstəyə vicdanla xidmət edirsə, müəllim  uşağa bilik və tərbiyə verirsə, kəndli torpağını becərirsə, fəhlə halal zəhməti ilə ailəsini dolandırırsa, jurnalist  həqiqəti yazırsa, məmur xalqına xidmət edirsə  — yaşadığın məkan , ölkə  Vətənə çevrilir.
Bəs haqqsızlığa etiraz etmək necə ;  vətənpərvərlikdir..?
Bəli. Əgər etiraz qanuni, dinc və məsuliyyətli formada həyata keçirilirsə ; ədalətsizliyə qarşı çıxmaq Vətənə düşmənçilik deyil.
Əksinə, dövlətin və cəmiyyətin daha yaxşı olması üçün tənqidi düşüncə və ictimai nəzarət mühüm rol oynayır.
Birləşmiş Millətlər Təşkilatının (BMT-nin)  hüququn ali prinsipləri  arasında qanunun hamıya bərabər tətbiqi ; ədalət, şəffaflıq və özbaşınalığın qarşısının alınması xüsusi yer tutur.
İnsanlar bilməlidir ki : Dövlət başqa , hakimiyyət isı başqadır. 
Dövlətə sədaqət --  hakimiyyətə kor-koranə sədaqət demək deyil.
Vətənə bağlılıq hansısa vəzifəli şəxsə şəxsi sədaqətlə eyniləşdirilə bilməz.
Hakimiyyət dövlət institutlarından biridir ;  dövlət isə daha geniş anlayışdır.
Dövlət -- xalqın, qanunun, institutların və ümumi milli maraqların bütöv  sistemidir.
Ona görə də dövlətini sevən vətəndaş hakimiyyətdən hesabat tələb edə bilər.
Hətta bəzi hallarda bunu etməlidir. Çünki dövlət vəzifəsi şəxsi imtiyaz deyil ;  ictimai məsuliyyətdir.
Vergilər vətəndaşlardan toplanır. Dövlət büdcəsi və dövlət əmlakı --  ictimai resurslardır. Buna görə də onların qanuni, şəffaf və səmərəli idarə olunmasını bilmək --  cəmiyyətin legitim tələbidir.
Müharibə zamanı qaziyə “qəhrəman” demək asandır. Əsas məsələ  müharibədən sonra onun yanında olmaqdır.
Qazinin sosial təminatı ;  sağlamlığı, işi, mənzil şəraiti və cəmiyyətə inteqrasiyası yalnız sosial siyasət məsələsi deyil.
Bu, həm də milli vicdan məsələsidir.
Şəhid ailəsinin yanında olmaq da yalnız anım günlərində gül qoymaqdan ibarət olmamalıdır.
Şəhidin ailəsi hər gün yaşayır.

Deməli, şəhidə ehtiram da hər gün yaşamalıdır.
Əgər savadlı, bacarıqlı və istedadlı gənc öz ölkəsində gələcək görmürsə, yalnız ona “Vətəni sevməlisən” deməklə məsələ həll olunmur.
Gənclərə  etibarlı və inamlı gələcək vermək lazımdır. Bunun üçün ölkədə -- Ədalətli əmək bazarı ; Keyfiyyətli təhsil ; 
Şəffaf iqtisadi mühit : 

Layiqli əməkhaqqı ; Azad sahibkarlıq imkanları ; 
Peşəkar yüksəliş üçün bərabər şərait yardılmalıdır. İstedadlı şəxslərə  bölgəyə, tanışlığa və şəxsi əlaqələrə görə deyil ;  qabiliyyətə görə imkan verilməlidir.
Azərbaycanın hər bölgəsi Azərbaycanın özüdür.
Gəncəli də, Bakılı da, Şuşalı da, Şəkili də,  Lənkəranlı da ,  Naxçıvanlı da, Qarabağlı da, Şirvanlı da, Muğanlı , Qubalı və Qusarlı  da eyni dövlətin vətəndaşıdır.
Dövlət idarəçiliyində, elm və təhsildə, iqtisadiyyatda və digər sahələrdə insanın mənşəyi və bölgəsi deyil ;  peşəkarlığı, ləyaqəti, dürüstlüyü və qabiliyyəti əsas meyar olmalıdır.

Bölgəçilik və tayfaçılıq dövlətçilik prinsipini zəiflədir.
Milli həmrəylik insanları mənşəyinə görə ayırmır.
Azərbaycanlı olmaq üçün hansı rayonda doğulmağın deyil ; bu ölkənin vətəndaşı olmağın əsasdır. “Millətçilik” və “vətənpərvərlik” anlayışları tarix və elmi -- siyasi nəzəriyyədə müxtəlif mənalarda işlədilib. Ona görə onları avtomatik olaraq eyniləşdirmək ; yaxud  tamamilə bir-birindən ayırmaq düzgün deyil.

İnsanın dövlətə bağlılığı  etnik mənşə ilə deyil ; ümumi hüquqlar, vətəndaşlıq, qanunun alilyi və ortaq gələcəklə əlaqəlidir.
Bu baxımdan əsl vətənpərvərlik yalnız “mənim millətim” demək deyil ; hər bir vətəndaşın  haqqı qorunmalıdır. Əgər bir məmur korrupsiyada ittiham olunursa, onu “bizim adamdır” deyərək müdafiə etmək milli mənafe deyil.
Əgər vətəndaşın hüququ pozulursa, onun səsini eşitmək lazımdır.
Əgər jurnalist və ya ziyalı yanlışlıq gördüyünü düşünürsə, onun fikrini dinləmək lazımdır.
Çünki Vətəni sevmək Vətəni idarə edən hər bir şəxsi sevmək məcburiyyəti demək deyil.
Dövlətə sədaqət başqa şeydir.
Vəzifəli şəxsə sədaqət başqa.
Vətənə bağlılıq başqa şeydir.
Hakimiyyətə kor-koranə bağlılıq başqa.
Millətçilik başqa şeydir.
Yaltaqlıq isə tamam başqa.
Hər bir dövlətin təhlükəsizliyi üçün güclü ordu, peşəkar təhlükəsizlik sistemi və müdafiə qabiliyyəti vacibdir.
Amma dövlətin uzunmüddətli gücü yalnız hərbi qüdrətlə müəyyən  olunmur.
Güclü dövlətə güclü institutlar da lazımdır : Ədalətli məhkəmə ; 
Peşəkar dövlət idarəçiliyi ; 
Azad və məsuliyyətli media ; 
Keyfiyyətli təhsil ; 
İnnovasiya və elmi institutlar ; 
Rəqabətli iqtisadiyyat ; 
Sosial ədalət ; 
Qanunun hamıya eyni qaydada tətbiqi ;
Hesabatlı və şəffaf idarəçilik və s.
Ən böyük vətənpərvərlik -- vətəndaşları  sülh və əmin-amanlıq şəraitində yaşayan ölkə qurmaqdır !!! =

Müəllif : Qəvami Sadıqbəyli. 
29 iyul 2026-cı il

Xudaferin.eu

15:24