Vətən müharibəsi şəhidi Mənsur Əhmədovun xatirəsi anılıb

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsi şəhidi Mənsur Əhmədovun xatirəsinə həsr olunan anım mərasimində şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhid Mənsur Əhmədovun qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Anım mərasimində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də övladının xatirəsinin uca tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər ifa edib.

Xudaferin.eu

 

17:51