VİP sədri Əli Əliyev: “Cəmiyyət şok vəziyyətdədir”

Cəmiyyət şok vəziyyətdədirAzərbaycanda yaranmış maliyyə-iqtisadi böhran nəticəsində formalaşmış sosial gərginlik ölkənin perspektivini ciddi şübhə altına alır.

Bunu Politika.Az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, indiki dönəmdə belə ağır iqtisadi şərtlər daxilində ayrı-ayrı dövlətlərin maraqlarının təmsilçiləri öndədir, bu isə Azərbaycanın dövlətçiliyi üçün təhdiddir: “Bu təhdidi önləmək üçün təəssüflər olsun ki, adekvat addımlar atılmır, bu adamlar da özlərini daha arxayın aparırlar”.
Ə.Əliyevin sözlərinə görə, neft pullarının bitməsi əsl gerçəyi ortaya qoyub: “Problemləri ciddi analiz edən mütəxəssislərin cəmiyyətlə təması olmadığı üçün cəmiyyət bir növ şok yaşayır. Biz uzun müddətdir deyirik ki, belə getməyəcək, böhran yaşanacaq. Ancaq təəssüflər olsun ki, hakimiyyət bizi eşitmirdi, elə bilirdi həmişə belə olacaq, belə cah-cəlal içində yaşayacaq. Qurulmuş bu oyun sanki xalqın diqqətinin kütləşdirilməsi üçün sui-istifadə edilirdi. Bu, sona çatdı və indi müxtəlif addımlarla vəziyyətdən çıxmağın yollarını axtarırlar. Bu fonda da işığın, qazın, suyun qiyməti qaldırılır, total surətdə cərimələr tətbiq edilir. Xalq bir növ hakimiyyətdə olanların oğurluqlarının şərikinə çevrilir. Baxmayaraq ki, Azərbaycan manatı son il yarımda 2,5 dəfə devalvasiyaya uğrayıb, amma nə pensiya və müavinətlərdə, nə əməkhaqqında fərq yoxdur. Bazarlarda ən azı 70-80 faiz bahalaşma olsa da, əhalinin gəlirləri azalıb. Təəssüflər olsun ki, hökumət bunu qarşılamır, oğurluq edən şəxslər mühafizə edilir, 3cü 4-cü şəxslər həbsə atılır. Azərbaycanda kasta formalaşdırılıb ki, bu kastanın üzvləri toxunulmazlıq imicinə malikdir, nə etmələrindən, cinayətlərinin böyüklüyündən asılı olmayaraq mühafizə edilirlər, toxunulmaz saxlanılırlar. Belə olduğu təqdirdə təbii ki, Azərbaycanda vəziyyətin yaxşılaşmasından söhbət getmir”.
Bəs müxalifət niyə həmişəki kimi etiraz etmir? VİP sədrinin fikrincə, bu şəraitin yaranmasında insanlarımızın özünün də böyük günahı var: “Burada müxalifəti günahlandırmaq düzgün deyil. Müxalifətdə olduğu üçün heç kimə maaş vermirlər. Azərbaycan xalqı bilməlidir ki, heç kim ona rifahlı cəmiyyət bəxş etməyəcək. Dünyanın heç yerində belə nümunə mövcud deyil. Azərbaycan xalqı meydanda idi, ortaya iradə qoymuşdu Azərbaycan müstəqilliyini qazandı. Neçə ki, xalqın iradəsi yoxdur, rifahlı cəmiyyət olmayacaq”.
Ə.Əliyev təəssüflə qeyd edir ki, ölkə reallıqları Suriya nümunəsinin təkrarlanmasına səbəb ola bilər: “Azərbaycanda başlamış maliyyə böhranı, onun ardınca yaranan iqtisadi, ondan sonrakı sosial böhran gələcəkdə siyasi böhrana səbəb ola bilər və ölkə xaosa yuvarlana bilər. Bunun üçün mənfi mənada çox böyük potensial var. Bunun qarşısını almaq üçün iqtidarlı-müxalifətli toparlanmaq lazımdır. Əgər iqtidar təkəbbür nümayiş etdirirsə, müxalifəti yaxına qoymursa, onda xalq müxalifətlə bir araya gəlməlidir. Müxtəlif məlumatlar var ki, gələn ilin əvvəlindən hansısa ciddi radikal islahatlara başlanacaq. Azərbaycanın buna çox böyük ehtiyacı var. Mən ölkədə daha mütəvazi siyasi davranışın, təkamülün tərəfdarıyam. Hesab etmirəm ki, Azərbaycan radikal islahatlara hazırdır. Bu hakimiyyət bu gün getsin, yerinə başqası gəlsin versiyası mümkün deyil. Çünki institusional olaraq bu təşkil olunmayıb-partiyalar zəif haldadır, media hakimiyyətin nəzarətindədir. Bu baxımdan biz hakimiyyəti islahatlara məcbur edərək ölkəni bu vəziyyətdən çıxarmağın yolunu düşünməliyik. Amma hökumət də bu təşəbbüsümüzə qarşılıq verməlidir, dəyişikliklərə meyl göstərməlidir. Çünki islahatlardan başqa yol yoxdur. Əgər bu vaxtı ötürmüş olsaq, ölkəni radikal hadisələr gözləyir”.

Politika.Az

15:49