“Vikipediya”da Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş müsabiqə elan edilib

Azərbaycan dilindəki “Vikipediya”da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə müsabiqəsi elan edilib.

AZƏRTAC-a “Azərbaycan Vikimedia könüllüləri” İctimai Birliyindən bildiriblər ki, mayın 31-dək davam edəcək müsabiqədə Xalq Cümhuriyyətinin tarixində rolu olan şəxslər, hadisələr, qurumlar və s. müxtəlif mövzular barədə “Vikipediya” məqalələri yaradılacaq, mövcud məqalələr isə təkmilləşdiriləcək. Yaradılması və təkmilləşdirilməsi tövsiyə olunan məqalələrin siyahısı hazırlanaraq “Vikipediya”da yerləşdirilib.

İctimai Birliyin sədri və Azərbaycan vikimediaçıları istifadəçi qrupunun rəhbəri Elgün Atalıyevin söylədiyinə görə, Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmiz və xalqımız üçün çox əlamətdar bir hadisə olduğu üçün may ayında məhz bu mövzuya həsr edilmiş məqalə müsabiqəsinin keçirilməsinə qərar verilib. Azərbaycan vikimediaçıları istifadəçi qrupu 2014-cü ilin oktyabrından etibarən hər ay azərbaycanca “Vikipediya”da müxtəlif mövzularda məqalə müsabiqələri təşkil edir və qalibləri mükafatlandırır. “Vikipediya”da redaktə etmək və məqalə yazmağın sərbəst olmasını nəzərə alaraq, bu müsabiqələrdə hər kəs iştirak edə bilər.

AZƏRTAC

13:09