Vidadi Muradov: Filiallarda istehsal ediləcək xalçalar Avropa bazarına ixrac olunacaq

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov açıqlama verərək bildirib ki, Azərbaycanın ənənəvi maddi mədəniyyətinin dünyaya inteqrasiya etməsi üçün daha sıx şəkildə fəaliyyətə keçmənin zamanı çatmışdır. O bildirib ki, “Azərxalça” Prezidentin müvafiq Sərəncamına əsasən 10 rayonda xalçaçılıq filialları açacaq. İlk olaraq artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça emalatxanası fəaliyyət göstərir. Mart ayının sonunda Şəmkir rayonunda da bir filialımız hazır olacaq. Ondan sonra bu ilin sonunadək digər 8 rayonda – Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı və Ağdam rayonlarında filiallar açılacaq. Bununla da hər bir filialda 150 nəfər toxucu daimi iş yeri ilə təmin olunacaq. Bu filiallarda istehsal olunacaq məhsulların satış məsələsinə toxunan Vidadi Muradov bildirib ki, bununla bağlı heç bir problem yoxdur. Bu ilin yanvar ayının 14-dən 17-dək Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində iştirak etdiklərini söyləyən sədr avropalıların Azərbaycan xalçasına olan marağının şahidi olduqlarını deyib. Bildirib ki, hazırlanan məhsullar Avropa bazarına ixrac olunacaq və bununla da ölkəmizə valyuta gələcək. “Azərxalça” ASC-nin filiallarında artıq bir neçə aydır tədris kurslarının təşkil edildiyini vurğulayan Vidadi Muradov deyib ki, bu filiallar hazır olub istifadəyə veriləndən sonra həmin kursu bitirənlər orada işləməyə başlayacaqlar.

Xudaferin.eu

11:50