Vergilərdən yayınmaq üçün ofşorlardan istifadə edənlərin qarşısı alınacaq

 

“PricewaterhouseCoopers” (PwC) konsaltinq şirkətinin proqnozlarına görə, vergi ödəməkdən yayınmaq məqsədilə şirkətlərin və fiziki şəxslərin vergi limanlarından istifadə etməsinin yaxın zamanlarda qarşısı alınacaq.

Yeni nəşr edilmiş hesabatda ədalətli vergiləri ödəməyənlərə qarşı ictimaiyyətin daha sərt mövqe tutduğu bildirilir. Buna görə də vergi sahəsində şəffaflığın artırılması üçün gələcəkdə biznes daha çox səy göstərməli olacaq: “Maliyyə xidmətlərinə etimadsızlığın hökm sürdüyü bir zamanda vergi şəffaflığı brendin qorunması üçün mühüm əhəmiyyət daşıyacaq. Ədalətsiz vergitutma və ya şübhəli vergi limanlarından istifadənin qarşısı alınacaq”.

Şirkətin hesabatında göstərilib ki, qarşıdan vergi şəffaflığının güclənəcəyi dövr gəlir. Artıq bir neçə ofşor zona da daxil olmaqla 50-dən çox ölkə Hesabatlılığın Ümumi Standartını (CRS) qəbul etməyə razılıq verib, rezidentlərin aktivləri və gəlirləri barədə informasiya mübadiləsi həyata keçirilir. Maraqlıdır ki, “PwC” şirkətinin biznes üçün təklif etdiyi xidmətlərdən biri də vergi planlaşdırmasıdır - şirkətlərə vergi öhdəliklərinin azaldılmasının qanuni yolları barədə məsləhətlərin verilməsi də bu xidmətə daxildir.

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:26