Vergilər də: Varlı və kasıba bölünəcək

 

Beynəlxalq Valyuta Fondunun (BVF) hazırladığı məruzədə hökumətlərə yüksək qazanclı şəxslərlə münasibətdə səmərəli vergi siyasəti yürütmək tövsiyə edilib. Yəni, çox qazananla az qazanan şəxslər fərqli vergi ödəyəcəklər. Tənzimləyici orqanın sənədinə əsasən, son on il ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində varlı insanlardan tutulan vergilərin əhəmiyyətli şəkildə azaldıldığı müşahidə olunur. Belə ki, 1981-ci ildə zənginlərdən tutulan gəlir vergisinin dərəcəsi 62 faiz olduğu halda, 2016-cı ildə bu göstərici 35 faizə enib.Ümumiyyətlə, varlılar və kasıblar üçün fərqli vergi sistemi tətbiq etmək olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, bu sistemin tətbiqi üçün ilk növbədə gəlirlərin şəffaf hesablanması aparılmalıdır: “Əslində dünyada bu cür yanaşma tətbiq olunur. Yəni, çox qazananlar daha yüksək vergi ödəyirlər. Bunun müqabilində aztəminatlı şəxslər daha az vergi ödəmək şərti ilə qazanclarının çox hissəsini öz ehtiyacları üçün xərcləməsinə imkan yaradılır. Amma Azərbaycanda fərdi qaydada gəlir bəyannamələrinin verilməsi prosesi hələ tam oturuşmayıb.Gəlir bəyannamələrinin bütün vətəndaşlar tərəfindən verildiyi sivil ölkələrdə bu sistem effektiv olur. O, zaman illik gəlirləri üçün şkalalar müəyyən olunur. Məsələn, 200 min dollara qədər gəlirləri olanlar fərqli vergi ödəyirlər, 200-500 min arası gələri olanlar bir, 500 min-1 milyon gəliri olan bir, 1 milyondan artıq qazanlara isə bir cür vergi tətbiq olunur. Ən yüksək vergi isə təqribən 35 faiz olur.Buna uyğun olaraq Azərbaycanda da maaşlardan vergi tutulması bu sistemə uyğunlaşdırılıb. Azərbaycanda da 2500 manatdan yüksək maaş alanların vergisi daha yüksəkdir. Amma bunun üçün oturuşmuş sistem qurulmalıdır və gəlir deklarasiyasi şəffaf şəkildə verilməlidir.Buna uyğun olaraq da ölkədə vergi sistemi yaradılmalıdır.Ancaq bundan sonra bu haqda danışmaq və müəyyən addımlar atmaq olar”.

Ekspert hesab edir ki, məmurların əksəriyyəti gəlir deklarasiyası vermir: “Vəzifəli, seçilmiş şəxslərin gəlir deklarasiyası verməsi məcburi olsa da, bu günə qədər biz bunu görməmişik. Baxmayaraq ki, 10 ildir belə bir qayda təsdiqlənib.Gəlirlərin hesablanması şəffaf olmalıdır ki, vergilərini də hesablanması şəffaf olsun. Azərbaycanda isə gəlirləri şəffaf olan çox az şəxsə rast gəlmək olar.  İlk növbədə bu şəffaflıq və fərdi uçot qaydası təmin olunmalı, fərdi gəlir bəyannaməsinin qaydaları tətbiq edilməlidir.Ondan sonra differensiallaşdırılmış vergi sistemi gətirmək mümkündür.Amma bunun üçün idarə sistemindən tutmuş, uçot dərəcəsinə qədər ciddi dəyişikliklər olmalıdır”.

Vilayət Muxtar

Cebhe.info

 

10:32