Vədud Səadətini “Ettelaat”, Rəhim Novruzini isə Universitetin təhlükəsizlik bölümünə çağırılıblar

 

Güney Azərbaycan Milli Hərəkatının Öyrəncilər Birliyinin fəallarından Rəhim Novruzi təhsil aldığı Ərdəbil Azad Universitetinin Təhlükəsizlik Bölümünə, daha bir fəal Vədud Səadəti isə Ərdəbildəki mollakratiya rejiminin “Ettelaat İdarəsin” çağırılıblar.
 

Rəhim Novruzi oktyabrın 26-da telefon vasitəsi ilə universitetin təhlükəsizlik bölümünə çağırılıb. Həmin bölümə nədən çağırıldığını soruşan öyrənci fəal “Ettelaat” əməkdaşları tərəfindən universitetdən uzaqlaşdırılmaqla təhdid edilib. Bədən tərbiyəsi üzrə ali təhsil alan Rəhim Noruzi Güney Azərbaycan Milli Hərəkatının demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhdidə məruz qalıb. Milli fəal bundan öncə də mollakratiya rejiminin xüsusi cəza təhlükəsizlik qüvvələri tərəfindən bir neçə dəfə saxlanılıb, işgəncələrə məruz qalıb edilib və müxtəlif təzyiqlərlə üzləşib.

Güney Azərbaycanın Ərdəbil şəhərində Milli Hərəkatın digər fəalı Vədud Səadəti də oktyabrın 26-da mollakratiya rejiminin “Ettelaat İdarəsi”nə çağırılıb. Milli fəal nədən və nə üçün “Ettelaat”a çağrıldığı məsələsi ilə bağlı soruşduqda ona heç bir tutarlı cavab da verilməyib. Bunun əksinə olaraq, sorğu-suala tutulub. Ondan Türk dilinə hüquqi status verilməsi yönündə kütləvi etirazlara qatılmamaq üçün öhdəlik götürməsi tələb olunub. Bütün təzyiqlərə baxmayaraq milli fəal “Ettelaat”ın qanunsuz tələbini yerinə yetirməkdən imtina edib.

Qeyd edək ki, Vədud Səadəti 2008-ci il aprelin 10-da Ərdəbildə “Ettelaat” tərəfindən saxlanılıb. O, Ərdəbildəki mollakratiya rejiminin qondarma “İnqilab Məhkəməsi”nin 1-ci bölümü tərəfindən rejimin milli təhlükəsizliyi pozmaq üçün qrupa üzv olmaq ittihamı ilə mühakimə olunub. Sürgündə 5 il həbs cəzasına məhkum edilib. Ərdəbil Apelyasiya Məhkəməsində irəli sürülən ittihamı rejimin əleyhinə təbliğ ittihamı ilə əvəz edərək fəalı 1 il həbsə məhkum etmişdir. Milli fəal Ərdəbil “Ettelaat” idarəsinin təcridxanasında qaldığı müddətdə yuxusuz qalmaq, elektrik şoku, döyülmək və s. kimi işgəncələrə məruz qalıb.
Onu da qeyd edək ki, mollakratiya rejiminin fəsadlarına qarşı hər il kütləvi etirazlarda çox sayda Güney Azərbaycan Milli Hərəkatının fəalları yaxalanaraq məhkəmə qarşısına çıxarılır və onların əksəriyyəti ağır həbs cəzasına məhkum edilirlər. Bütün bunlara baxmayaraq milli fəalları milli dava uğrunda bir addım da olsun geri çəkilmirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

 

09:54