Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbində Novruz şənliyi keçirilib. Bayram tədbirində məktəbin şagirdləri və müəllimləri ilə yanaşı, valideynlər və digər qonaqlar da iştirak ediblər.

Tədbirdə əvvəlcə şagirdlərin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra məktəbin fəal şagirdlərindən olan Humay Rəfizadə yazdığı “Novruz bayramı gəlir” şerini söyləyib.

Bayram tədbirində şagirdlər Novruza həsr olunmuş, eləcə də Azərbaycan haqqında şeirlər söyləyib, “Eynur”, “Sarı gəlin”, “Turacı”, “Ağ çiçəyim”, “Cücələrim”, “Xan çobanı” və digər rəqsləri ifa ediblər.

Əlində səməni “Ağ çiçəyim” rəqsini ifa edən Bahar qızı Kosa və Keçəli uşaqlarla görüşə dəvət edib. Kosa və Keçəl Novruz bayramının əsas atributlarından olan “Kosa-kosa” tamaşasını göstəriblər. Qeyd edək ki, bu tamaşa yalnız Azərbaycanda qeyd olunan Novruza məxsusdur. Eyni zamanda, tədbirdə Novruz adət-ənənələrindən danışılıb. Uşaqlar arasında Novruz bayramının əsas adətlərindən olan yumurta döyüşdürmək yarışı keçirilib. İştirakçılar sonda “Novruz gəlir, yaz gəlir” mahnısını ifa ediblər.

Şagirdlərin ifaları alqışlarla qarşılanıb.

2017-ci ilin fevralında təsis edilən məktəb Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Məktəbdə əsasən Vaşinqtonda və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqlara milli dəyərlərimiz aşılanır. Burada Azərbaycan dili dərsləri keçirilir və milli bayramlarımızı birlikdə qeyd etmək imkanı yaradılır. Şagirdlər ötən il Novruz bayramı, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə əlaqədar tədbirlərlə yanaşı, Corc Vaşinqton Universitetinin nəzdində Tekstil muzeyində təşkil edilən Azərbaycan Mədəniyyəti Günündə də çıxış ediblər.

Xudaferin.eu

14:30