Varşavada Polşa–Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi qeyd olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Şərqi Araşdırmalar Mərkəzinin (OSW) birgə təşkilatçılığı, Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Polşa-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi Varşavada qeyd olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Polşanın xarici işlər nazirinin müavini Marçin Pşidaç, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, OSW-nin sədri Adam Eberhardt, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Polşadan və Azərbaycandan olan ictimai-siyasi xadimlərin və ekspertlərin iştirakı ilə təşkil olunmuş dəyirmi masada iki ölkə arasındakı əlaqələr müxtəlif aspektlərdən nəzərdən keçirilib. İştirakçılar cari ilin Azərbaycan və Polşa arasındakı diplomatik əlaqələrin qurulmasının ildönümü ilə yanaşı, iki ölkə arasında tarixi əlaqələrin qurulmasının 550-ci və strateji əməkdaşlıq sazişinin imzalanmasının 5-ci ildönümü kimi qeyd olunduğunu vurğulayıblar.

Ölkəmizin müstəqilliyinin bərpasından sonra Azərbaycan-Polşa əlaqələrinin sürətlə inkişaf etdiyi və son illərdə xüsusi dinamika aldığı vurğulanıb.

Tədbir iştirakçılarına Azərbaycan-Polşa münasibətlərinin tarixi və müasir aspektləri barədə ətraflı məlumat verən xarici işlər nazirinin müavini X.Xələfov ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət haqqında dinləyiciləri məlumatlandıran X.Xələfov polşalı investorları və şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yenidənqurma işlərində iştirak etməyə çağırıb.

İkitərəfli əlaqələrin inkişaf potensialının yüksək olduğunu deyən Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaçın 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda tərəfindən imzalanmış strateji əməkdaşlıq sazişinin bunun üçün möhkəm təməl yaratdığını bildirib. O, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyəti və Ermənistan-Azərbaycan sülh prosesini yaxından izlədiklərini, ATƏT-in hazırkı sədri kimi bu prosesə dəstək olduqlarını vurğulayıb.

BMTM-in sədri Fərid Şəfiyev tədbir iştirakçılarına postmüharibə dövründə yaranmış vəziyyət, Azərbaycanın quruculuq planları, eyni zamanda, bölgədə sülh və əməkdaşlıq üçün yaranmış imkanlardan və təhdidlərdən bəhs edib. Azərbaycanın Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması prinsipi ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu, lakin Ermənistandakı millətçi və revanşist qüvvələrin buna qarşı çıxdıqlarını bildirib. O, Avropa İttifaqının bu münasibətlərin normallaşmasında son aylarda fəal rol oynadığını, bunun bütövlükdə Cənubi Qafqazda sülh və sabitlik üçün əhəmiyyətli olduğunu qeyd edib.

Tədbirdə Polşa Poçt Xidməti tərəfindən Azərbaycan ilə Polşa arasında diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü münasibətilə hazırlanmış poçt markaları təqdim edilib. Təqdimatı edən Polşa Poçt Xidmətinin Prezidenti Tomaş Zdzikot Azərbaycan ilə Polşa arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Dəyirmi masa Azərbaycan və Polşadan olan ictimai-siyasi xadimlərin və ekspertlərin çıxışları ilə davam edib.

Xudaferin.eu

16:11