Varlıların bayramına çevrilən Novruz: Nisyə ilə yola verilir

 

Qadir İbrahimli: “Bahalı marketlərdən varlı və orta təbəqə bazarlıq edir”

Novruz bayramına sayılı günlər qaldıqca, bazarlar “od tutub” yanır.Əsasən bayram alış-verişi üçün tələb olunan ərzaq məhsullarının, xonça üçün şirniyyatların və çərəzlərin qiymətlərində kəskin qiymət artımı müşahidə olunur.Ayrı-ayrı ərazilərdə bu ərəfədə təşkil olunan bayram yarmarkalarındakı qiymətlər heç də ucuz deyil.Əsasən aztəminatlı ailələr üçün yaradılan bu yarmarkalardakı məhsulların qiymətləri insanların cibinə uyğun deyil.Marketlərdə isə əməlli-başlı soyğunçuluqdur. Şəkərindən, yumurtasından, südündən və ətindən tutmuş meyvəsinə qədər məhsulların qiymətləri “cib yandırır”. Bəziləri hesab edir ki, marketlərdə kifayət qədər bayram alış-verişi var və insanlar hələ yaxşı yaşayır...

Amma çox yanlış düşüncədir.İqtisadçı-ekspert Qadir İbrahimlinin fikrincə, imkansız ailələr bayram hazırlıqlarına çox erkən başlayır. Bir sözlə, ehtiyat yığır: “Ailədə azyaşlı uşaqların olduğu kasıbların vəziyyəti daha ağırdır. Ailə tanıyıram ki, nişan üzüklərini satıb uşaqları üçün şəkərbura-paxlava bişirir. Yaşıl bazarda işləyən tanışım danışır ki, axşamlar bazara əsasən kasıblar gəlir.Yarı-çürük meyvələri alırlar.Nəhayət, həmin bahalı marketlərdə əhalinin 20-25 faizini təşkil edən varlı və orta təbəqə bazarlıq edir, əhalinin əksəriyyəti isə məhəllə dükanlarında nisyənin ümidinə qalıb.Məsələ bu qədər sadə və acınacaqlıdır.Kasıblar bayramın acısını bayram bitəndən sonra çəkməyə başlayır.Yəni, cibləri tamam boşalanda anlayır ki, vəziyyət çətindir”.

Müşahidələr onu göstərir ki, ölkədə Novruzla bağlı bayram ab-havası da ürəkaçan deyil.Əvvəlki illərdən fərqli olaraq əhalinin əksər təbəqəsi tələb olunan ehtiyacların çox hissəsindən məhrum qalırlar.Bəzən həddindən artıq ehtiyacsızlıq valideynləri uşaqlarının qarşısında gözükölgəli edir.Bakının tanınmış iri marketlərində ərzaq məhsulları daha baha qiymətlərlə təklif olunur.Bu marketlərdə yağın bütün növləri, ləpə, tərəvəz və meyvələrə yaxın düşmək mümkünsüz olub.Ara bazarlarında 10-20 qəpiyə təklif olunan kahının bir dəstəsi iri marketlərdə 60 qəpiyə təklif olunur.Tərxunun dəstəsi küçə bazarlarında 1 manata təklif olunursa, iri marketlərdə bunun qiyməti 1 manat 50 qəpikdir.Ləpələrə gəlincə, bu məhsullara fantastik qiymətlər qoyulub.Fındıq ləpəsinin kiloqramı 20 manat, qoz ləpəsi isə keyfiyyətindən asılı olaraq 22-25 manata təklif olunur.Badam ləpəsi 25-29 manata təklif olunur. Quru meyvələrdən kişmişin kiloqramı 9-15 manat arasında, ərik və gavalı qurusu 12 manat, alça qurusu 8 manat, xurma 6-8 manat, qara kişmiş 12 manat, iydə 6 manat, innab 6-8 manat, fısdıq 7 manat arasında dəyişir. Satıcılar bahalaşmanın səbəbi kimi məhsulların xaricdən gətirilməsini əsas tuturlar. Bu günlərdə iqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, əhalinin yaşayış səviyyəsi aşağı düşüb: “Yaşayış çox bahalaşıb, səbəb monopoliyadır. İrandan ortalama 1dollar ixrac olunan kişmişlərdən "sultana" sortu 5 manat 80 qəpik, 1.5 dollara olan "golden" sortu 15-18 manata təklif olunur. Əhalinin yaşayış minimumu 50 faiz aşağı düşüb”.
Belə görünür ki, bayram aztəminatlı ailələr üçün çox acınacaqlı vəziyyət yaradacaq. Soyğunçu bahalaşmada monopolist yollarla qazanc əldə edənlər isə hökumət səviyyəsində nəzarət edən yoxdur.

Alçina Amilqızı

Cebhe.info

 

07:34