“Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı incəsənət festivalı

 

Gürcüstanın ikinci böyük şəhəri olan Rustavidə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşəbbüsü ilə noyabrın 13-19-da Borçalı (Kvemo Kartli) bölgəsində keçirilən “Tolerantlıq Həftəsi”nə yekun vurulub. Yekun tədbiri ilə bağlı Qiqi Lortkipanidze adına Rustavi Teatrında etnik azlıqların iştirakı ilə “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı çoxmillətli incəsənət festivalı təşkil edilib.

Festival çərçivəsində tamaşaçılara müxtəlif proqramlar təqdim edilib. Gürcüstanın müxtəlif bölgələrindən gələn milli azlıq nümayəndələri olan gənclər festivalda müxtəlif xoreoqrafiya və musiqi nömrələri ilə çıxış ediblər. Teatrın foyesində isə Borçalı bölgəsi rəhbərliyi tərəfindən Rustavidə yaşayan gürcü və azərbaycanlı rəssamlarının əsərlərindən ibarət sərgisi təşkil edilib. Tədbirdə Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı çıxış edərək festivalın əhəmiyyətindən və “Tolerantlq Həftəsi” çərçivəsində bölgənin bütün rayonlarında tolerantlığa aid tədbirlər keçirildiyini vurğulayıb.

Festivalda Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin departament rəhbəri Zviad Zviadadze və Rustavi şəhər meri İrakli Tabagua, Rustavi bələdiyyəsinin majoritar deputatı Giorgi Beqadze və başqaları bölgədə milli azlıqların iştirak etdiyi incəsənət festivalının təşkil olunmasının gənclərin bir-birinə ünsiyyəti və inteqrasiyası üçün əldə olunan böyük bir fürsət kimi qiymətləndiriblər. Tədbirdə Barış və Vətəndaş Bərabərliyi məsələləri və mədəniyyət və abidələrin mühafizəsi nazirliklərin nümayəndələri, Borçalı bölgəsinin rəhbərləri və digər rəsmi şəxslər iştirak edib.

Yekun festivalına həsr olunan “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı” çoxmillətli incəsənət festivalı layihəsinin müəllifi Gürcüstan Bəstəkarlar İttifaqının Kvemo Kartli filialının rəhbəri, bəstəkar Manana Alpaidzedir. Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Tolerantlıq Həftəsi” çərçivəsində noyabrın 13-19-da yüksək səviyyədə keçirilən tədbirlər Gürcüstan Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin təşəbbüsü ilə qeyd olunub. Xatırladaq ki, YUNESKO 16 noyabr 1995-ci ildə tolerantlıq prinsipləri haqqında bəyanat qəbul edib. Beynəlxalq Tolerantlıq Günü 1996-cı ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə qeyd olunur.

Xudaferin.eu

Gürcüstan, "Tiflis Bürosu"

 

10:31