Vahid Əhmədov şərtləri sadaladı:” İslahatlar davamlı olarsa…”

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın sərt iqtisadi siyasət yürürdəcəyi gözlənilir. Trampın hələ seçkiöncəsi verdiyi bir sıra bəyanatları onun hakimiyyətə gəlişindən sonra ABŞ və dünya iqtisadiyyatına təsirini göstərməyə başlayıb. Bu isə dolların kursunun digər valyutalara nisbətən bahalaşması ilə müşahidə olunur. Xüsusilə Trampın Çin məhsullarının ABŞ-a qadağa qoyacağı barədə bəyanatı artıq dolların məzənnəsinə təsirini göstərib. Həmçinin Trampın ABŞ Meksika sərhədinə divar inşa edəcəyi barədə bəyanatı Meksika pesosunun dəyərdən düşməsilə nəticələnib. Dünyada dolların bahalaşma prosesi istər-istəməz devalvasiyadan əziyyət çəkən ölkə kimi Azərbaycan üçün də təsirsiz ötüşməyə bilməz. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-da keçirilən prezident seçkisinə dünyada maraq var: “Kimin prezident seçilməsindən asılı olaraq dünya ictimai-siyasi həyatında, siyasətdə və iqtisadiyyatda müəyyən proseslər baş verəcək. Bu gözləniləndir. Donald Tramp biznesmendir. O, iki dəfə müflisləşməsinə baxmayaraq yenidən ayağa qalxa bildi və özünə gözəl biznes qurdu. Biznesmenlər həmişə stul arxasında oturmağı sevir, saatlarla danışmağı bacarır, müəyyən danışıqlara gəlir”

“Siyasi amillər dolların bahalaşmasına təsir edir”

Millət vəkili deyib ki, Azərbaycanda dolların məzənnəsinin qalxmasına ABŞ-ın apardığı siyasət təsir edir: “Seçkinin nəticəsi neftin qiymətinə də, milli valyutalara da müəyyən təsirlər göstərəcək. Azərbaycana gəlincə, deyə bilərəm ki, neftin qiyməti bizim üçün çox önəmlidir. Hələlik qeyri-neft sektoru və tikinti inkişaf etməyib. Amma Azərbaycanda müəyyən iqtisadi islahatlara start verilib. Bu islahatlar uğurlu səviyyədə gedərsə, davamlı olarsa, idxal-ixrac əməliyyatlarında idxal ixracı üstələyəcəksə, müsbət saldo yaranacaqsa, neftin qiymətində müəyyən artımlar yaranacaqsa, problem olmayacaq”. Vahid Əhmədov növbəti illə bağlı bəzi proqnozlar da verib: “2017-ci ildə neftin qiymətinin 45-50 dollar səviyyəsinində olacaq. Hələlik dövlət büdcəsində  biz bunu 40 dollar səviyyəsində götürmüşük. Neftin qiymətinə müəyyən təsirlər olsa da, hökumətin əsas diqqəti qeyri-neft sektoruna, idxal-ixrac əməliyyatlarına olmalıdır”.

Yeganə Oqtayqızı
(Cebhe.info)

13:24