Vahid Əhmədov: "Əmanətlərin qaytarılmasında problemlər var"

 

«Bank sistemi normal fəaliyyətə başlayana kimi ölkə problem yaşayacaq. Amma bu sahədə hələ ki, müsbət bir addım görünmür».

Deputat Vahid Əhmədov ölkənin bank sistemindəki ümumi durumu belə dəyərləndirib.

V.Əhmədov deyir ki, burada problem bir neçə məsələdədir. Onun fikrincə, bir tərəfdən, problemli kreditlər məsələsi iki ildir ki, həllini tapmır. Başqa bir tərəfdən, verilən kreditlərin faizləri 25-30 faizdən aşağı düşmür. Deputat hesab edir ki, 2016-cı ildə bankların bağlanması prosesi də düzgün deyildi: «Əksinə, iri banklar yaradılması cəmiyyətin mənafeyinə uyğun idi. Amma bank sahibləri dil tapa bilmirlər. İndiki halda banklar ayrı-ayrılıqda kifayət qədər kredit portfelinə malik deyillər».

V.Əhmədov hesab edir ki, bu durumla bank sistemində müsbət dönüş yaranacağına inanmaq bir az çətindir. Deputata görə, bağlanan banklarda əmanətlərin qaytarılmasında da problemlər var və onlarla sıravi vətəndaşlardan şikayətlər gəlir:

«Özü də bu məbləğlər 1000-2000 manat həcmindədir. Yəni, bu insanların bu vəsaitlərə ehtiyacı var».

V.Əhmədov Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini də ciddi tənqid edib. Deputat deyir ki, bu qurumun fəaliyyətinin yoxlanılması ilə bağlı fikrində də qalır. V.Əhmədov Banklar Assosiasiyasının Bank Ombudsmanlığı yaranmasına da münasibət bildirib. Deputat bu hadisəni müsbət saysa da, hüquqi cəhətdən rəsmiləşdirilməsinin vacibliyini bildirir. Deputatın bu dediklərinə hələlik Əmanətlərin Sığortalanması Fondundan münasibət almaq mümkün olmayıb.

Xatırlatma: V.Əhmədov parlamentdə də bu təkliflə çıxış etmişdi. Onda maliyyə naziri Samir Şərifov təklifə belə münasibət bildirmişdi. «Bu, normal bir haldır, yoxlanıla bilər. Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu, təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir. Yəni, bu əmanətlərin faiz dərəcələri müəyyən edilmiş faizdən yüksək olmamalıdır. Əmanətlərin xarici və yaxud milli valyutada olmasına fərq qoyulmur. Həmin bankın inzibatçılarının, qohumlarının əmanətləri qorunmur. Biz beynəlxalq praktikaya uyğun vətəndaşların maraqlarını qoruyuruq», - deyə S.Şərifov vurğulayıb. 2016-cı ildə ölkədə 11 bank bağlanıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Ləğv edilən banklarda, əsasən, qorunan əmanətlər vətəndaşlara qaytarılır. Əmanətlərin Sığortalanması Fondu bildirib ki, oktyabrın 23-nə kimi 11 bank üzrə 747 milyon 938 min manatdan artıq kompensasiya ödənilib. Bəzi banklarda qorunan əmanətlərin 87, bəzilərində isə 99.9 faizinin ödənildiyi qeyd edilir. Hazırda ölkədə 32 bank fəaliyyət göstərir. Problemli kreditlərin 1 milyard 800 milyon manatı keçdiyi bildirilir.
 

Cebhe.info

 

10:31