Üzən devalvasiyadan tələbələrə zərbə: Universitetlər təhsil haqlarını qaldırır

Ölkədə üzən devalvasiya əhalinin sosial həyatını ağırlaşdırır. Dolların sürətlə bahalaşması müxtəlif sahələrdə qiymət artımı ilə nəticələnir. Gələn son xəbərlərdə bəzi universitetlərdə təhsil haqlarının artırılacağı bildirilir. Sentyabrdan etibarən özəl və dövlət ali məktəblərində təhsil haqlarının tariflərinə baxılacağı deyilir. Mənbə qeyd edir ki, bir sıra təhsil müəssisələri müəllimlərin əmək haqlarını ödəməkdə, maddi-texniki bazanın saxlanmasında və digər xərclərdə çətinlik çəkir. Ona görə də rektorlar yuxarı dairələrlə məsləhət-məşvərət aparıb yeni tədris ilindən təhsil haqlarını qaldırmağı planlaşdırır.

Deyilənə görə, təhsil haqlarının artırılması aztəminatlı və kasıb ailələrin büdcəsinə ağır zərbə olacaq. Hazırda valideynlər övladlarının təhsil haqlarını ödəməyə çətinlik çəkir. Yeni tədris ilində qiymət artımı olacağı halda tələbə adını qazanmış bir çox abituriyentlər məcburiyyət qarşısında ali təhsildən imtina edə bilər. Bu da acınacaqlə bir göstərici kimi qiymətləndirilməlidir. “Odlar Yurdu”, “Bakı Kooperasiya”, “Bakı Avrasiya” və “Bakı Biznes” kimi özəl universitetlər təhsil haqlarını artıra bilər. Eyni zamanda Dövlət İqtisadi Universiteti, Azərbaycan Texniki Universiteti, Neft Akademiyası, Memarlıq və İnşaat Universiteti, Dövlət Pedaqoji Universitetinin də bu addımı atacağı gözlənilir.
Son devalvasiya ilə bağlı ali məktəblərdə təhsil haqlarının yüksəldilməsi barədə söz-söhbətlər gəzir. Ali məktəb rəhbərləri ödənişli təhsil alan tələbələrə güzəşt növləri barədə düşünməlidirlər. Əhalinin indiki durumu buna imkan vermir. Manatın 1-ci və 2-ci devalvasiyasından əvvəl ali məktəblərdə təhsil haqları kifayət qədər yüksəldilib. Görsənir ki, devalvasiyadan sonra tələbə kreditlərinin reallaşdırılmasında da problemlər olacaq. Azərbaycan ali məktəbləri 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan dərhal sonra tələbələrə kiçik faizlə təhsil kreditləri verilməli idi. Bu olmadığından tələbələrin təhsil haqlarının ağırlığı valideynlərin üzərinə düşdü.
Çoxsaylı valideynlər təhsil haqlarını ödəmək üçün banklardan yüksək faizlə kreditlər götürdülər. Təhsil haqları yüksəldilsə ödənişli təhsilə maraq azala və ali məktəblərdə yerlərin boş qalmasına səbəb ola bilər.

Politika.Az

11:24