Urmunun voleybol stadionunda: “Biz türkük – Zülmə baş əymərik”

Güney Azərbaycanın Urmu şəhərindəki Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Tehranın “Peykan” takımı arasında görüş keçirilib. Super liqa yarışlarının 10-cu həftəsində keçirilən görüş hakimin Urmiyə komandasına qarşı verdiyi ədalətsiz qərarlara görə mübahisəyə səbəb olduğundan 5-ci setdə yarımçıq buraxılıb. Belə ki, 4-cü setdən sonra komandalar bərabər hesabla – 2:2 olaraq həlledici növbəti setə başlayıblar. 5-ci setdə “Şəhrdari”nin xal (imtiyaz) sayı 7, “Peykan”ın isə 8 olduğu zaman “Peykan”ın meydançasında 7 oyunçu müşahidə olunub. Bunu görən köməkçi hakim “Şəhrdari”nin xeyirinə qərar verərək Urmu komandasına bir xal qazandırıb.

 

Bu qərar əsas hakim tərəfindən də təsdiqlənib. Lakin rəqib komanda buna etiraz etdikdən sonra hakim gözlənilməz şəkildə rəyini dəyişib və topun yenidən oyuna daxil olmasına qərar verib. “Şəhrdari” komandası bu qərara görə bir xal itirib, bundan sonra komanda oyunçuları və baş məşqçilərinin hakimə və bir-birlərinə qarşı etirazları başlayıb. Yaranan mübahisədən sonra oyun yarımçıq buraxılıb.

Urmunun “Şəhrdari” komandasının baş məşqçisi Sasan Xudapərəst jurnalistlərlə verdiyi açıqlamasında “Nə üçün oyunu yarımçıq buraxdınız?” sualına cavab olaraq bildirib ki, “mənim öz şəhərimdə komandamın başını kəsirlər. Buna necə sakit baxa bilərəm!”

Baş məşqçi mövzu ilə bağlı bildirib ki: “Hakim 5-ci setə qədər də səhvlər buraxırdı, lakin 5-ci setdə səhvlər artdı və bunun nəticəsində “Şəhrdari”nin haqqı tapdalandı. Əgər hakimin səhvləri olmasaydı, komandamız qalib gələrdi”.

Stadionda tamaşaçı qismində iştirak edən minlərlə soydaşımız isə oyun boyu milli şüarlar səsləndiriblər. Onlar hakimin Urmiyə komandasına qarşı ədalətsiz qərarlarına “Biz türkük – Zülmə baş əymərik”, “Azərbaycan – Azərbaycan” və s. kimi şüarlarla qarşılıq veriblər.

 

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

16:21