Urmunun başçısı: “Türk Millət Vəkilləri Fraksiyası”nın yaranması Türklərin istəklərini gerçəkləşdirmək üçündür”

Güney Azərbaycanın Urmu şəhərinin başçısı Abbas Həsənxani jurnalistlərə verdiyi açıqlamasında İran parlamentində yenicə yaranmış “Türk Millət Vəkilləri Fraksiyası” haqqında danışıb. Abbas Həsənxani deyib ki, yaranmış fraksiya mükəmməl bir  tərkibə malikdir və Güney Azərbaycan Türkləri ilə yanaşı İranın digər bölgələrində yaşayan Türk əhalisini təmsil edir: “Ölkə parlamentində Türk Millət Vəkilləri Fraksiyasının yaradılmasını müsbət qiymətləndirir, ümid edirəm ki, fraksiyanın yaranması ilə Türklərin istəklərinin həyata keçirilməsi də mümkün ola biləcəkdir. Bu kimi fraksiyalara toplaşan millət vəkilləri müxtəlif mövzularda bir-biri ilə fikir mübadiləsi aparır, qanunların qəbul olunması üçün qərarlar verir və hansısa məsələlərin həlli üçün kollektiv iş aparırlar Hər halda düşünürəm ki, bu fraksiya bərəkətli və səmərəli olacaq və onun fəaliyyəti Türk toplumunun və Güney Azərbaycanın xeyrinə olacaq”.

Qeyd edək ki, oktyabrın 30-da İranda 100-dən çox Türk millət vəkilinin iştirakı ilə yaranan “Türk Millət Vəkilləri Fraksiyası”nın ilk iclası keçirilib. Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentdə təmsil olunan millət vəkilləri ilk iclasında Təbrizli millət vəkili, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türk Millət Vəkilləri Fraksiyasının sədri vəzifəsinə, urmulu millət vəkili Nadir Qazipur ilə ərdəbilli millət vəkili Rza Kərimi isə onun yardımçıları vəzifəsinə seçiliblər. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən millət vəkili Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli millət vəkili Zəhra Sai fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.
Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən Zəhra Sai deyib ki, İran parlamentinin 25 millət vəkili “Türk Millət Vəkilləri Fraksiyası”nın mərkəzi şurasının üzvüdür: “Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır”.

Xudaferin.eu

10:53