Urmuda iki milli fəal tutuqlandı

 

Güney Azərbaycanın Urmu şəhərində Rəhman Qasimi və Sasan Fəramərzi adlı iki milli fəal İran mollakratiya rejiminin xüsusi cəza dəstəsi kimi ad çıxarmış təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Noyabrın 15-də qanunsuz yerə saxlanılan milli fəallar naməlum istiqamətə aparılıb, onların harada saxlandığı barədə heç bir məlumat yoxdur. Güney Azərbaycan Milli Hərəkatının fəalları olan bu şəxslər necə və hansı səbəbdən yaxalandığı hələlik məlum olmasa da, Rəhman Qasiminin çərşənbə günü səhər saatlarında, Sasan Fəramərzinin isə günortadan sonra təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı bildirilir.

Qeyd edək ki, Rəhman Qasimi ötən illərdə mədəni fəaliyyətinə görə dəfələrlə tutulub və mollakratiya rejiminin ən ağır cəzaevlərində müxtəlif təzyiqlərə məruz qalan xanım Ulduz Qasiminin qardaşıdır. Sasan Fəramərzi digər azərbaycanlı milli fəallar kimi Azərbaycanın milli və demokratik hüquqları uğrundakı aparılan mədəni mübarizənin iştirakçılarından biridir. Hər iki fəal Güney Azərbaycan Milli Hərəkatının ideyaları uğrunda önəmli addımlar atıb, bu istiqamətdə xüsusi aktivlik nümayiş etdiriblər.

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

09:52