Həyatda elə insanlar var ki, sanki Allah onları dünyaya yalnız yaxşılıq etmək, insanlara xidmət göstərmək üçün göndərir.
Təəssüf ki, belə insanların çoxunun qədr-qiyməti vaxtında bilinmir və illər keçdikcə adları da yavaş-yavaş unudulub gedir.
Həmişə çalışmışam ki, cəmiyyətə faydası dəyən, yaxşılığı ilə iz qoyan insanları tanıdım və onların unudulmasına imkan verməyim. Əlbəttə, bütün bunları imkanım daxilində edirəm. Amma əməyi, fəaliyyəti unudulmaqda olan onlarla insan tanıyıram…
Belə insanlardan biri də Mülayim Əzim qızı Həsənovadır. El arasında ona “Mamaça Mülayim xala” deyirdilər.
Mülayim xala 1899-cu ildə Laçın rayonunun Şəlvə Dərəsində kasıb bir ailədə anadan olub. Gənc yaşlarında ailə quraraq qonşu kəndə - Laçın rayonunun Vəlibəyli kəndinə gəlin köçüb.
Ötən əsrin 30-cu illərində ailəsi ilə əvvəl Ağdama, oradan isə Ağcabədi rayonunun Hindarx kəndinə köçərək orada məskunlaşıblar.
Onun uzun ömrünün böyük bir hissəsi insanlara xidmət etməklə keçib. Mülayim xala Laçının Şəlvə dərəsi, Narişlar, Vəlibəyli, Zorkeş, İmanlar, Daşlı, Budaq Dərəsi, Qaraçanlı, Kahalar, Pircan və başqa kəndlərində, daha sonra isə Hindarx və ətraf kəndlərdə - Şərəfxanlı, İmamqulubəyli, Boyat, Biləğayın, Hacılar, Qaradağlı, Zəngişalı, Mahrızlı və digər kəndlərdə mamaçalıq edib.
O illərdə doğuşların böyük əksəriyyəti evlərdə olurdu. Mülayim xala onilliklər boyu qadınların ən ağır və ən məsuliyyətli anlarında onların yanında olub.
Ən maraqlısı isə budur ki, o, gördüyü bu məsuliyyətli işin müqabilində heç kimdən pul almazmış. İnsanlar minnətdarlıq əlaməti olaraq ona çolpa, pendir, bal, yumurta və başqa nemətlər gətirərmişlər. Amma pul götürməzmiş.
Mənim apardığım araşdırmaya görə, onun uzun illər davam edən fəaliyyətində nə bir ana, nə də bir uşaq doğuş zamanı həyatını itirməyib. Bu, həqiqətən də böyük məsuliyyət və peşəkarlıq tələb edən bir iş idi.
Mülayim xalanın mənim üçün isə xüsusi yeri var.
Anamın doqquz övladının doqquzunun da mamaçası Mülayim xala olub. Hətta anam 46 yaşında sonbeşiyini ev şərayitində dünyaya gətirəndə də yanında Mülayim xala olub.
Mənim dünyaya gəlməyim isə ayrıca bir hekayədir.
Hər yay ailəlikcə Laçının İmanlar kəndinə, dağa gedərdik. Alaçıqda qalardıq. Anamın hesabına görə, hamiləliyi sentyabrda Hindarxa qayıdandan sonra başa çatmalıymış. Amma mən avqustun ortalarında, gecənin bir vaxtı dünyaya gəlmişəm.
Gecə alaçıqda anamın sancısı tutur. Eşidirlər ki, Mülayim xala Vəlibəylidədir. İmanlardan atla yola düşürlər. Şəlvə dərəsini keçib Narişlara, oradan da Vəlibəyliyə gedirlər və Mülayim xalanı gətirirlər.
Anam sonralar deyirdi ki, doqquz uşağının içərisində ən çətin doğulan mən olmuşam. Mən ana bətnində tərs vəziyyətdə olmuşam - ayaqlarım öndə gəlib. Anamın da, mənim də həyatımız təhlükədə olub…
Amma Mülayim xala həm anamı, həm də məni xilas edib.
Bu hadisə mənim həyatımda sadəcə bir xatirə deyil. Mənim varlığımın başlanğıcında Mülayim xalanın əlləri, zəhməti və insanlığı var.
Bu yaxınlarda Hindarxda doğmalarımla yanaşı, onun da qəbrini ziyarət etdim. Uzun illərdir dünyasını dəyişib. Qəbrinin qarşısında dayananda bir daha düşündüm:
Laçının, Ağdamın, Ağcabədinin onlarla kəndində onilliklər boyu yüzlərlə, bəlkə də minlərlə uşağın dünyaya gəlməsinə kömək etmiş bir qadın necə belə unudula bilər?
Sovet dövründə 11 minə yaxın əhalisi olan, doğum evi, xəstəxanası, kitabxanası, traktor təmiri zavodu fəaliyyət göstərən Hindarx kəndində bu gün bunlardan əsər-əlamət belə qalmayıb. Gənclər üçün iş yerlərinin olmadığı kəndin əhalisi yarıbayarı azalıb. Sadəcə kəndə qəsəbə adı verilib…
Qarabağda Ağdamdan sonra ən çox şəhid verən kəndlərdən biri olan Hindarx bu gün də öz ağır günlərini yaşayır…
Mülayim xalanın şəklini də çox çətinliklə tapa bildim. Həmin şəkli bu yazıya əlavə edirəm.
Əgər əlimdə əlac olsaydı, Azərbaycanda bir doğum evinin adını Mülayim Həsənovanın adına verərdim.
Heç olmasa Qarabağda - Laçında, yaxud Hindarxda onun adını daşıyan bir doğum evinin yaradılmasını çox istəyərdim…
Çünki Mülayim xala təkcə mamaça deyildi. O, xeyirxahlığın, vicdanın və insanlığın canlı nümunəsi olub.
Həkim olmaq mümkündür. Diplom almaq da mümkündür. Amma vicdanlı həkim olmaq tamam başqa məsələdir.
Bu gün mənim ən böyük arzum budur ki, qadın həkimlərimiz, ginekoloqlarımız Mülayim xalanın həyatından nümunə götürsünlər.
İnsan həyatının ən həssas anında qarşısındakı xəstəni ilk növbədə pul üçün deyil, bir insan taleyinin məsuliyyətini daşıyan canlı kimi görsünlər.
Gəlin, xeyirxah insanlarımızı unutmayaq. Onları tanıyaq, adlarını yaşadaq. Çünki belə insanlar təkcə öz dövrlərinə yox, bütün bəşəriyyətə miras qalırlar.
Ruhun şad olsun, Mülayim xala.
Mən səni unutmadım.
UNUDULMUŞ XEYİRXAH QADIN - MAMAÇA MÜLAYİM XALA

Elman Mustafazade
Xudaferin.eu
13:53
Digər xəbərlər