Unudulmaz Fərman Salmanov

Şərqdə deyirlər ki, “Əsl avtoritet heç vax özü haqqında danışmaz, başqaları onun haqqında danışar”. Bax elə həyatımda böyük rol oynayan bu cür aftoritetlərdən biri haqqında sizə xoş xatirələrimi danışmaq istəyirəm.

1928-ci il, 28 İyul tarixində Şamxal rayonunun Morul kəndində Sibir neftini kəşf edən,  özümə “Xaç ata” hesab etdiyim, Azərbaycan xalqının böyük oğlu Fərman Qurban oğlu Salmanov dünyaya gəlib.

Bütün ömrümboyu bu əfsanəvi şəxsin yanında oldum. Mən Neft Akademiasında nəvaxtsa onun oxuduğu fakultəni bitirdim. Daha sonra onun sayəsində Yəməndə işləməyə yollandım. Mən Azərbaycan hökümətində işləməyə başlayanda isə biz demək olar ki, hər gün əlaqə saxlayırdıq, onun məsləhətləri mənə çox kömək olurdu.

Bu insan mənə çox şey öyrətdi, ancaq ən əsası Azərbaycanı sevməyi öyrətdi. 10 il keçməsinə baxmayaraq, mən onun dünyasını dəyişdiyini hələ də qəbul edə bilmirəm. Axı o mənə məsləhətləri ilə yol göstərən, kömək edən  ikinci ata kimi idi. Mən kiçik oğlumun adını da onun şərəfinə qoymuşam. Harda olmağımdan asılı olmayaraq 31 Mart- onun ölüm gününə kimi hər zaman onunla əlaqə qururdum, ən əsası isə biz bütünlüklə Azərbaycan dilində söhbət edirdik. Mən həyatda xoşbəxt insanam ki, o  mənə öz övladı kimi yanaşırdı, mənsə öz növbəmdə bu cür şəxsiyyətlə uzun illər dostluq etmişəm.

O həyatıboyu Azərbaycanı, onun dilini, mədəniyyətini sevdi. Çox heyf ki indi o bizim yanımızda deyil.  Bütün status və adlarına – Nazirlər kabinetindən tutmuş, Qəhrəman, Akademik, Rusiya və Azərbaycanın deputatı adlarına kimi almağına baxmayaraq, o həm də təvəzökar idi. 

İş həyatı boyunca o heç vaxt öz kökünü, ana vətənini unutmayıb, harda işləməyindən asılı olmayaraq o hər zaman doğma torpağına, vətəninə kömək edib. Onun yanına- Tümənə, daha sonra Moskvaya iş üçün minlərlə  həmyerlisi müraciət edirdi. Mən canlı şahidəm ki, o gələnlərin hər birinə kömək etmək istəyirdi. Onun sayəsində indi Sibirdə, xüsusilə də Tüməndə yüzlərlə Azərbaycanlı yaşayır. Salmanov kimi şəxsiyyətlər tarix yazırlar və yalnız onun kimilər xalqımızın qürur mənbəyidir.

Qeyd etməliyəm ki, Rusiyada bugün yerlimizi yad edirlər, onun adına küçələr və prospektlər, gəmilər və təhsil müəsisələri var. Onun şərəfinə heykəllər ucaldılıb, bu bizi çox sevindirir. Axı o Rusiyanın bu gün yaşamasına səbəb olan nefti ilk kəşf edən şəxsdir!

Ancaq nədənsə doğma Azərbaycanımda bugün rəsmi şəkildə  onu heç yada salmırlar. Biz necə bir millətik axı? Nə vaxta kimi “Öndərlər”in və onun qohumlarının bizim beynimizə yeridilməsinə şahid olacağıq? Ölkənin demək olar ki bütün küçələri onların adınadır və hər biri də öz sahəsi üzrə “akademik” olub, “parlayıb”. Xalqımızın digər qürur mənbələri, layiqli nümayəndələri yoxdur?

Məşhur filosoflardan biri vaxtilə deyib: “ Şərəf - üzdə görünən vicdandır, Vicdan- daxildə olan şərəf!”. Məhz elə buna görə mən bu gün bu cür dəyərlərə malik olan Fərman Salmanovu yada salmaq istədim. Məhz elə buna görə, o mənim xalqımın şərəf və vicdanı olub, bundan sonra da olacaq.

Ramis Yunus,
Xüsusi olaraq Xudaferin.eu üçün

15:10