Universitetlərə imtahansız qəbul: “Yaxın vaxtlarda buraxılış və qəbul imtahanları birləşdiriləcək”

 

“Təhsil haqqında” Qanunda dəyişikliklə bağlı müzakirələr davam edir. Qeyd edək ki, ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Dəyişikliklərin əsas məqsədi ölkəmizin ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində bir illik hazırlıq qruplarının təşkili və beləliklə də həm bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul qaydaları, o cümlədən, tədrisin təşkilinin təmin olunmasıdır.

 

Ekspertlər hesab edir ki, hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə ediləcək. Amma bunun təşkilinin hansı səviyyədə olması sual doğurur. Bununla yanaşı hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən gənclərin axınının qarşısı alınacaq. Ali məktəblərə qəbul imtahanında müsabiqədən keçə bilməyənlərin bir illik hazırlıq kursları vasitəsilə ali məktəblərə qəbul olunmasını nəzərdə tutan dəyişiklik dövlət universitetləri kimi özəl universitetlərə də şamil olunacaqmı?
Bu barədə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu məsələdə özəl universitetlərin imkanları daha geniş olacaq: “Təhsil haqqında Azərbaycan Respublikası qanununun 22-ci maddəsinə Milli Məclis tərəfindən qəbul edilmiş dəyişikliklər son 25 ildə Azərbaycanda ali məktəblərə qəbul sistemində ciddi islahatlar kimi başa düşülməlidir. İlk növbədə qeyd etmək istəyirəm ki, bu dəyişiliklər hələ tam şəkildə bərqərar olmayıb. Layihə çərçivəsində bundan sonra təkliflər irəli sürüləcək. Hələlik məlumdur ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün universitetlərin bu dəyişikliklərdən yararlanmaq imkanı olacaq. Əlbəttə ki, ilk növbədə bu onların istəyindən və həmin təhsil ocaqlarında hazırlıq qruplarının yüksək səviyyədə təşkil olunduğunun həyata keçirilməsindən asılıdır. Lakin bu dəyişikliklər onu göstərir ki, yaxın illərdə buraxılış və qəbul imtahanları birləşdiriləcək. Çünki təklif olunan dəyişiklikdə qeyd olunur ki, şagirdlər hazırıq qruplarına buraxılış imtahanlarının nəticələri əsasında qəbul ediləcəklər. Burda özəl universitetlərin imkanları daha genişdir. Çünki onların bir çoxu
bu xidmətdən indi də istifadə edirlər”.

2 min manatla universitetlərə...

Ekspertin sözlərinə görə, hazırlıq kurslarının məbləğini hər bir universitetin pedaqoji şurası müəyyən edəcək: “Xərcləri nəzərə alınmaqla bu hazırlıq qruplarının xidmət haqqı müəyyən olunacaq. Yəni, bütün universitetlərin hazırlıq qruplarının qiyməti eyni olmayacaq. Məncə maksimum illik 2 min manat ola bilər. Nəzərə alsaq ki, onsuz da valideynlər ay ərzində azı repititorlara 300 manata qədər pul ödəyirlər, bunu illik hesablayıb ümumi məbləğ müəyyən etmək olar”.

Alçina Amilqızı

Cebhe.info

 

09:17