Ümummilli lider Heydər Əliyevin xatirəsi Cakartada anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən Qərbi Yava bölgəsinin Bekasi şəhərində yerləşən “Sejahtera Amana” Fondunda (IPATF) tədbir keçirilib.

“Birlikdə paylaşmağın gözəlliyi” şüarı ilə təşkil edilən tədbirin rəsmi hissəsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü əvəzolunmaz dövlətçilik fəaliyyətindən bəhs edən səfir Cəlal Mirzəyev anım gününün rəmzi məna daşıdığını qeyd edib. Bildirib ki, Ulu Öndər hər zaman uşaqları dövlətin, millətin parlaq gələcəyi hesab edib, onlara böyük diqqət və qayğı göstərib. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın memarı olduğunu vurğulayan diplomat onun bünövrəsini qoyduğu strateji inkişaf xəttinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirib. Bu siyasətin ölkəmizin inkişafına və qüdrətlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən IPATF-ın sədri Cumad Hernavan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı səfirliyin kimsəsiz uşaqları xatırlamasını, onlara ianə - ehsan tədbiri təşkil etməsini nəcib əməl kimi yüksək qiymətləndirib. Bunun həm İPATF, həm də tədbirdə iştirak edənlər tərəfindən böyük hörmətlə qarşılandığını bildirib, Azərbaycan səfirini İPATF-da salamlamaqdan məmnun olduğunu söyləyib.

Tədbirin rəsmi hissəsindən sonra Ümummilli Liderin ruhuna Quran ayələri oxunub, yerli musiqi alətlərinin ifasında dini mahiyyət daşıyan musiqi nömrələri səsləndirilib. Sonda kimsəsiz uşaqlara səfirliyin ianə - ehsanı təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Tədbirdə 120-dən çox kimsəsiz uşaq, həmçinin İPATF-ın rəhbər heyəti, donorlar və könüllülər iştirak ediblər.

Tədbir yerli KİV-lər - ANTARA Milli İnformasiya Agentliyi və “Miraj” Xəbər Agentliyi, habelə digər onlayn media tərəfindən geniş işıqlandırılıb.

Vüqar Ağayev

Xudaferin.eu


 

14:09