Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Meksika və Kolumbiyada qeyd edilib

Meksika və Kolumbiyadakı səfirliklərimizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mərasimlər keçirilib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Meksikada Azərbaycanın meksikalı dostları və bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilmiş tədbirdə səfir M.Talıbov qonaqlara Ulu Öndərin Sovet İttifaqı dövründə və müstəqillik illərində Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqqında məlumat verib.

Tədbirdə heyəti ilə birgə qatılan Meksikanın “Gənc diplomatlar” qeyri-hökumət təşkilatının rəhbəri Maurisio Tofoya rəhbərlik etdiyi təşkilatın Heydər Əliyevin dünyamiqyaslı siyasi fəaliyyəti ilə yaxından tanış olduğunu, Ulu Öndərin siyasi irsinin bütün gələcək nəsillərə örnək olduğunu söyləyib.

Kolumbiyadakı səfirliyimizdə təşkil olunmuş tədbirdə diplomatik korpusun üzvləri, kolumbiyalı hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları, KİV nümayəndələri, azərbaycanlı və türk iş adamları iştirak ediblər. Mərasimdə qonaqlara Ulu Öndərin həyat yolu və onun Azərbaycan xalqının rifahının yaxşılaşdırılması istiqamətindəki fəaliyyəti haqqında məlumat verilib, bu xüsusda interaktiv müzakirələr aparılıb.

Xudaferin.eu


 

14:38