“Ukrinform” dövlət informasiya agentliyində Heydər Əliyevin 100 illiyi ilə bağlı məqalə dərc edilib

Ukraynanın “Ukrinform” dövlət informasiya agentliyində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC-ın Ukrayna və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin müəllifi olduğu məqalədə Heydər Əliyevin Ukrayna və Azərbaycan münasibətlərinin inkişafında misilsiz xidmətindən bəhs edilib.

Məqalədə qeyd olunur ki, iki ölkə arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Azərbaycan apardığı uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, o cümlədən Ukraynanın strateji tərəfdaşıdır. Təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai və siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycan və Ukrayna dostluğunun banisi hesab edirlər.

“Ulu Öndərin SSRİ Nazirlər Kabineti sədrinin müavini işlədiyi dövrdə Ukrayna qarşısında xidmətləri, Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə göstərdiyi köməkliklər əvəzsizdir. Ukrayna xalqı onun xidmətlərini və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üçün qəbul edilmiş qərarları böyük minnətdarlıq hissi ilə xatırlayır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin qurulması istiqamətində üzərinə düşən tarixi missiyanı məharətlə yerinə yetirdi”, - məqalədə yazılır.

Məqalədə Ukraynanın nüfuzlu ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədiyi fikirlər də yer alıb və qeyd olunur ki, Heydər Əliyev Ukraynanı sevirdi, Ukrayna da onu sevirdi və sevəcək. Bu gün Ukraynada Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir. Kiyevin mərkəzində Heydər Əliyevin adını daşıyan park və onun abidəsi var. Ukraynanın dövlət kitabxanalarında Heydər Əliyevin fəaliyyətindən bəhs edən müxtəlif kitablar var. 2013-cü ilin mart ayından Kiyev Milli Linqvistika Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

Bu gün Ukraynada Heydər Əliyev irsi öyrənilir və gələcək nəsillərə çatdırılır.

Xudaferin.eu

16:31