Ukraynalı jurnalist: Ağdam və Füzuli şəhərlərində gördüklərim çox dəhşətli idi

Azərbaycan müharibənin yeni nümunəsini göstərdi. Azərbaycan cəmi 44 gün ərzində koordinasiyalı və peşəkarcasına ölkənin böyük bir ərazisini işğaldan azad etməyi bacarıb.

Bu fikri AZƏRTAC-a açıqlamasında bu günlərdə Azərbaycanda səfərdə olan “Ukrayna 24” və “Ukrayna” telekanallarının jurnalisti Andrey Kuzakov söyləyib.

Səfər çərçivəsində işğaldan azad olunan Ağdam və Füzuli şəhərlərindən reportaj hazırladığını vurğulayan ukraynalı jurnalist bildirib ki, gördükləri onu dəhşətə gətirib. “Təəssüratım o oldu ki, vaxtilə insanların kütləvi yaşadığı böyük yaşayış məntəqələri dağıdılıb. Mən bu cür mənzərəni Çernobıl faciəsi zamanı Atom Elektrik Stansiyasına yaxın ərazidə yerləşən Pripyat şəhərində görmüşəm. Orada da bütün yaşayış məntəqələri məhv olmuşdu. Fərq budur ki, Pripyat şəhəri texnogen qəza, Ağdam və Füzuli şəhərləri isə hərbi əməliyyatlar nəticəsində tamamilə dağıdılıb. Gördüklərim çox dəhşətli idi, Ağdam və Füzuli yiyəsiz, viran şəhərlərə çevrilib”, - deyə Andrey Kuzakov əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici və yerli jurnalistlərə müsahibəsində iştirak edən Andrey Kuzakov bu görüşün onda xoş təəssüratlar yaratdığını da qeyd edib. “Uzun müddət davam edən mətbuat konfransında bütün jurnalistlərin sual vermək imkanı oldu. Prezident İlham Əliyev bir necə dil bilir, mətbuat konfransında da jurnalsitlərin suallarını sərbəst şəkildə müxtəlif dillərdə cavablandırdı”.

Andrey Kuzakov sonda Azərbaycan və Ukrayna arasında münasibətlərin inkişafında hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin olduqca önəmli olduğunu qeyd edib.

Emil Hüseynli
Xudaferin.eu

11:42