Ukraynadakı Azərbaycan parkında daş abidəyə xaç çəkənlər kimlərdir?

 

Ukraynanın Odessa şəhərində yerləşən "Azərbaycan" parkında qoyulmuş daş abidənin üzərinə naməlum şəxslər tərəfindən "kelt xaçı" çəkilib.

Ukraynada yaşayan tanınmış diaspor liderimiz, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Azərbaycana qarşı həqarət hesab olunan bu olayla bağlı Moderator.az- a açıqlama verib. Bildirib ki, həmin parkın əsası 2013-cü ildə qoyulub: "Daha doğrusu, həmin vaxt orada təməlqoyma mərasimi keçirildi. Ondan sonra Ukraynda inqilab baş verdi, ardından dda ciddi hiss edilən böhran yaşandı. Ona görə də o vaxtdan bu günədək orada bir iş görülmədi. Halbuki həmin təlməlqoyma mərasimi Ukraynadakı Azərbaycan səfirinin, Odessanın qubernatorunun, şəhər merinin, SOCAR-ın Ukraynadakı nümayəndəsinin iştirakı ilə keçirilmişdi. Park Ukrayna-Azərbaycan dostluq parkı olmalıydı. Amma bayaq dediyim səbəblərə görə bu günədək orada hər hansı bir iş görülməyib. O vaxtdan mer də dəyişib, qubernator da, hökumət də, amma bu məsələyə münasibət dəyişməyib.

Xatırladım ki, SOCAR Kiyevdəki səfirliyimizin düz qarşısında Heydər Əliyev adına bir gözəl park yaradıb. Orada Heydər Əliyevin heykəli qoyulub. İrpində Zərifə Əliyeva adına park da açılıb. Hamısı da sonradan möhtəşəm formada rekonstruksiya olunub, ərazidə xeyli ağaclar əkilib, hər şey göz oxşayan formada düzəldilib. Hətta Heydər Əliyev Parkına Azərbaycandan xüsusi daşlar gətirilib və xalça şəklində düzəldilib. Bu parkların mühafizəsi üçün SOCAR-ın mühafizə şirkətinin mühafizəçiləri də var. Onlar bütün sutka ərazində xidmət aparırlar və bu cür xoşagəlməz olayların baş verməsinin qarşısı alınır. Nəinki içki içmək, hətta parkda siqaret çəkməyə belə icazə yoxdur. Sırf hər kəsin rahatlıqla, ailəvi istirahət edə biləcəyi səviyyəli parklardır. Odessadakı parkda baş verənlər də yəqin ondan qaynaqlanır ki, orada faktiki olaraq park olmadığından mühafizə təmin edilməyib. Böhran olduğuna görə orada bayaq dediyim həmin parkların insanların ixtiyarına verilməsi üçün xeyli vəsait tələb olunur, amma bu günədək həmin məsələ yubanır.

Həmin lövhəyə xaçın çəkilməsinə gəldikdə isə bildirim ki, Ukraynanın hər yerində o problem var. Mən burdakı uşaqlarımızla danışmışam, gedib o lövhənin üzərindəki xaç işarəsini təmizləyəcəklər. İnanmıram ki, bu addım rəsmi qurumlar tərəfindən azərbaycanlılara, Azərbaycana qarşı hansısa nifrətin ifadəsidir. Ona görə də düşünürəm ki, bu olayı siyasiləşdirməyə ehtiyac yoxdur. Sadəcə bu, xuliqanlıq hərəkətləridir və bunun qarşısını alacağıq. Onu da deməliyəm ki, SOCAR Ukraynada Azərbaycanı təmsil edən bir nömrəli şirkətdir. Ukraynada ən prestijli yanacaqdoldurma məntəqələri də SOCAR-a məxsusdur. Ən maraqlısı və hər bir azərbaycanlıya xoş gələn odur ki, bütün yanacaqdoldurma məntəqələrinin qarşısında Azərbaycan bayrağı dalğalanır. Bunun özü qürurvericidir".

Bakipost.az

 

10:16