Ukraynada Azərbaycanın multikultural dəyərlərindən bəhs olunub

Ukraynanın paytaxtı Kiyevdəki Səməd Vurğun adına kitabxanada Alban-Udin Xristian Cəmiyyətinin sədri Robert Mobili ilə görüş keçirilib.

Xudaferin.eu xəbər verir ki, görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, diaspor üzvləri, tələbələr, alimlər iştirak ediblər.

R.Mobili çıxış edərək bildirib ki, Azərbaycan tarixən bir çox xalqların, etnik qrupların məskunlaşdığı məkan olub. Onlar əsrlər boyu özlərinin etnik xüsusiyyətlərini, dini inanclarını, adət-ənənələrini qoruyub saxlayıb və bu günümüzədək yaşadıblar. Ölkəmizin zəngin tarixə malik azsaylı xalqlarından biri də udinlərdir. Respublikamızda multikultural dəyərlərin yüksək səviyyədə olduğunu deyən R.Mobili bildirib ki, Azərbaycan dövləti ölkədə yaşayan azsaylı xalqlara böyük qayğı ilə yanaşır.

Sonra Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, soydaşımız Arif Quliyev, tarixçi-alim Eldar Tağıyev, Kiyev Milli Universitetinin dosenti Katerina Vajnaya və digərləri çıxış edərək vurğulayıblar ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bundan başqa, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. “Multikulturalizmin Azərbaycan modeli” və ya “Azərbaycan multikulturalizm modeli” kimi terminlər siyasi leksikona, elmi ədəbiyyata daxil edilib.

Xudaferin.eu

14:22