Üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda qürurla, vüqarla dalğalanır

Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

Bu sözləri Xudaferin.eu AZƏRTAC-a istinadən açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili qeyd edib ki, 30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, özünütəsdiqin simvolu kimi bayrağımızı tarixi torpaqlarımıza sancır.

Deputat əlavə edib ki, ümummilli lider Heydər Əliyevin, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu bayraq indi işğaldan azad edilmiş, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda qürurla, vüqarla dalğalanır. Üçrəngli bayrağımızının Laçında, Kəlbəcərdə, Şuşada, Xocalıda, Xacavənddə, Xankəndində dalğalanacığı günə isə az qalıb.

Xudaferin.eu

10:58