Tütündən istifadə ilə mübarizəyə dair yeni qaydalar

Nazirlər Kabineti tərəfindən “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları” təsdiq edilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Sənəd “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini və üsullarını müəyyən edir.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərinə gəlincə, bu yöndə tütünün zərərli təsiri barədə təbliğat aparılması, əhali arasında tütündən istifadəyə neqativ münasibətin formalaşdırılması, sağlam həyat tərzi sürməyin üstünlüklərinin əhali arasında təbliği, belə seçim edən şəxslərin sayının artırılması, onların həvəsləndirilməsi və bu seçimin digər insanlara nümunə olaraq göstərilməsi, sağlam həyat tərzinə, ziyanlı vərdişlərdən asılılığın profilaktikasına yönəldilmiş məlumatlandırıcı-maarifləndirici və təbliğat tədbirlərinin tədrisi, tütündən istifadənin nəticələrindən qorunma ilə bağlı tibbi xarakterli və digər biliklərin əhali arasında yayılması, tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə marağın artırılması nəzərdə tutulub.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin aşağıdakı üsulları müəyyən edilib:

tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi;

tütündən istifadənin dayandırılması, tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə əhali üçün nəzərdə tutulmuş müvafiq konsultativ (məsləhət) xidmətin təşkili və “Qaynar xətt”in yaradılması;

kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatında tütündən istifadənin zərəri ilə bağlı təbliğat xarakterli məlumatların yayılması;

tütün əleyhinə sosial reklamların yayımlanması;

mobil rabitə abonentlərinə məlumatlandırıcı xəbərdarlıq mesajlarının göndərilməsi;

tütün əleyhinə təbliğat xarakterli və maarifləndirici kütləvi aksiya və tədbirlərin (xüsusilə, 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü) keçirilməsi;

tütün məmulatlarının qutuları üzərində tütündən istifadədən çəkindirici xəbərdarlıqların yerləşdirilməsi.

Xudaferin.eu

18:51