Türkiyənin zəlzələdən zərər çəkmiş 12 vilayətindən 205 Azərbaycan vətəndaşı təxliyə edilib

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına yardım göstərilməkdədir.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan XİN-də, Türkiyədəki səfirliyimizdə və Baş konsulluqlarda yaradılmış Operativ Qərargah “qaynar xətt” nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırır və araşdırır.

Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyənin Daxili İşlər, Səhiyyə, Təhsil nazirlikləri, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.

Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə səfirliyin və səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.

Fevralın 7-dədə zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

“Bu günə qədər bir nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb. Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət eləsin!”, - məlumatda qeyd edilib.

Xudaferin.eu

16:14