“Türkiyənin xeyir-dua vermədiyi heç bir təşkilatın isə Yaxın Şərqdə uğur qazanmayacağı kürd separatçılarına da bəllidir...

"Kürd qardaşlarımız məsələyə ayıq gözlə baxmalı, xarici güc mərkəzlərinin əsl çirkin niyyətlərini ciddi analiz etməlidirlər...” 

“Və yaşadıqları bölgənin bütün vətəndaşları ilə bərabər ortaq ev qurmağa çalışmalıdırlar...”

 “İmperial güclərin himayədarlığı ilə ilk kürd separatçı “dövlət”lərindən biri 1946-cı ildə Urmiyyə vilayətinə bağlı Mahabadda qurulmuşdu...”
 
“Pəhləvi rejimi İranda öz mövqelərini möhkəmləndirdikdən sonra kürdlərə və Azərbaycan türklərinə divan tutdu...”
 
“Repressiyalardan canını qurtara bilən şanslılar arasında Mustafa Bərzani də var idi... Öncə Ermənistan ərazinə sığınan Bərzani daha sonra Naxçıvana keçdi və...”
 
“Azərbaycanın o vaxtki rəhbəri Mircəfər Bağırov da Bərzaninin kürd hərəkatı ilə bağlı hərəkətlərini təqdir etmir, onun qarşısını almağa çalışırdı...”
 
“Bağırov Barzaninin ətrafına topladığı kürd separatçılarını pərən-pərən salıb Orta Asiya ölkələrinə səpələnmələrinə nail oldu...”
 
“1958-ci ildə İraq hakimiyyətinə yeni hökumətin gəlməsindən sonra SSRİ-nin də təşviqi ilə Bərzani İraqa yollanmış, beləcə, müxtəlif xarici kəşfiyyatların sıralarında öz separatçı ideyasını yaymağa çalışmışdır...”
 
“Müxtəlif zamanlarda gah ABŞ, gah İsrail, gah İran, gah da Türkiyə xəfiyyə sistemlərinin nəzarəti altında fəaliyyət göstərən “kürd hərəkatı” vahid mərkəzi idarəçilik imkanlarını da itirmişdir...”
 
“Türkiyənin xeyir-dua vermədiyi heç bir təşkilatın isə Yaxın Şərqdə uğur qazanmayacağı kürd separatçılarına da bəllidir...
 
“Əminəm ki, heç bir xarici güc mərkəzi ölkəmizin bu vahid milli identikliyini poza bilməz...”
 
“Bəzən mənə belə gəlir ki, “kürd kartından” bizə və Türk dövlətlərinə qarşı istifadə edənlərin özləri də dəstəklədikləri qüvvələrin qələbəsinə inanmırlar...”
 
"Azərbaycan Respublikası da kürd separatizmini dəstəkləyən xarici güc mərkəzlərinin hədəflərindən biridir..." 
 
“Hesab edirəm ki, Azərbaycanın müvafiq dairələri də bu təxribatçı səyləri göz önündə tutmalı və dövlətin gələcəyi, təhlükəsizliyi üçün tələb olunan addımları atmalıdır...”
 
“ADP sədri Sərdar Cəlaloğlunun və Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlının “TBA” kanalına Güney Azərbaycanda kürd terrorçuların törətdikləri haqda dediklərindən sonra ADP sədrinin “PKK” simpatizanları tərəfindən terrorla hədələnməsi haqda məlumatlar yayıldı. Bu mövzuda partiya sədri az öncə  Moderator.az saytına açıqlama verib. Sizin də bir tanınmış siyasi analitik kimi bu mövzuda fikirlərinizi öyrənmək dəyərli oxucularımız üçün də maraqlı olardı... 
 
Necə düşünürsüz:  Azərbaycanda kürd kartından istifadə edilməsinin səbəbi nədir? Bizim siyasi xadimləriniz niyə bu məsələyə ciddi yanaşmırlar?..”
 
 
Bu sualları ünvanladığımız  siyasi şərhçi Heydər Oğuz Moderator.az-a verdiyi tutarlı fakt və arqumentərlə zəngin, eyni zamanda emosiyaların yatmasına xidmət edən açıqlamasında bildirib ki, bu kimi xəbərlər çıxandan sonra o da ADP sədri Sərdar Cəlaloğlu ilə telefonla danışıb: 
 
“Sərdar bəy mənimlə söhbətində həqiqətən də müxtəlif bölgələrdən gələn telefon zəngləri ilə narahat edildiyini bildirdi. Onun dediyinə görə, zəng edən bəzi şəxslər onu ölümlə hədələyiblər. Sərdar bəy isə Azərbaycanın dövlət maraqlarının müzakirə olunduğu bir şəraitdə geri çəkilməyəcəyini, bulunduğu hər platformada düşüncələrini dilə gətirəcəyini vurğuladı. Mən bu işdə Sərdar bəyə uğurlar arzulayıram, digər siyasi xadimləri və dövlət orqanlarını da bu təhlükəli tendensiyanın qarşısını almağa çağırıram...”
 
Heydər Oğuz vurğulayıb ki, Azərbaycana qarşı kürd separatizmi kartından istifadə olunması yeni hadisə deyil: 
 
“Xüsusilə də Cənubi Azərbaycan topaqlarında... Məlumdur ki, imperial güclərin himayədarlığı ilə ilk kürd separatçı “dövlət”lərindən biri 1946-cı ildə Urmiyyə vilayətinə bağlı Mahabadda qurulmuşdu. Hərçənd bundan əvvəl 1920-ci ildə İraqın Süleymaniyyə şəhərində “Kürdüstan krallığı” adında bir “dövlətcik” qurulmuşdu. Fəqət bu “dövlətcik” Osmanlının bölünməsi ilə İraqda yaranan avtoritar boşluqdan doğduğundan öncədən planlaşdırılmış bir layihə kimi ortaya çıxmamışdı və bu səbəbdən də qalıcı bir təsir yarada bilmədi. 1946-cı ildə qurulan Mahabad “respublikası” isə SSRİ-nin anqlosakslara qarşı istifadə etməyə çalışdığı kart idi və bu səbəbdən də kürd separatizminin yayılmasında əsas istinad nöqtəsinə çevrildi. II Dünya müharibəsi nəticəsində ciddi şəkildə zəifləyən SSRİ və Böyük Britaniya Yaxın Şərqi bölüşdürmə savaşını davam etdirə bilməyib geri çəkildilər. Nüvə silahına malik olduğunu bütün dünyaya nümayiş etdirən ABŞ isə piroqdan “aslan payı”nı almalı idi. Bu səbəbdən də İrandakı qüvvələrini geri çəkib, Şərqi Avropada möhkəmlənməyə çalışan Rusiya öz kürd proksilərini Pəhləvi rejiminin öhdəsinə buraxdı. Bənzər tale Pişəvəri hökumətini də gözləyirdi və o da eyni aqibətlə qarşılaşdı... 
 
Pəhləvi rejimi İranda öz mövqelərini möhkəmləndirdikdən sonra kürdlərə və Azərbaycan türklərinə divan tutdu. Şimal-Qərbi İrandan SSRİ-yə qaçan mühacirlərdən başqa heç bir inqilabçı repressiyalardan canını qurtara bilmədi. Mustafa Bərzani də bu şanslılar arasında idi. Bəzi məlumatlara görə, öncə Ermənistan ərazinə sığınan Bərzani daha sonra Naxçıvana keçdi və bir müddət öz fəaliyyətini burda davam etdirdi. Ardınca da Özbəkistandan Qazaxıstana qədər müxtəlif yerləri dolaşdı... 
 
1947-ci ilin noyabr ayında Bərzani ilk dəfə Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovla görüşərək kürdlərin Sovet İttifaqında fəaliyyətini müzakirə etdi. Bərzaninin davamçılarının hərbi alayı yaradıldı, hərbi taktika, siyasət, eləcə də kürd strategiyası və yazısı üzrə təlim keçdilər...
 
1948-ci il yanvarın 19-da Bakıda İraq və İran kürdlərinin iştirakı ilə konfrans keçirildi və Bərzaninin kürd hərəkatı ilə bağlı planlarını açıqlandı. Bu da İranın Sovet İttifaqından Bərzanini və davamçılarını İrana təhvil verməsini tələb etməsi ilə nəticələndi. Lakin Sovet İttifaqı bundan imtina etdi. Bununla belə, Azərbaycanın o vaxtki rəhbəri Mircəfər Bağırov da Bərzaninin kürd hərəkatı ilə bağlı hərəkətlərini təqdir etmir, onun qarşısını almağa çalışırdı. Bağırovla aralarında yaşanan bu problemləri Moskvaya çatdıran Bərzani dərhal yerinin dəyişdirilməsi ricasında bulundu. Onun bu xahişi nəzərə alındı və Bərzani Özbəkistana köçürüldü... 
 
Amma Bağırov Özbəkistanda da onun yaxasını buraxmadı. O dövrün özbək lideri Osman Yusufovla anlaşan Bağırov Barzaninin ətrafına topladığı kürd separatçılarını pərən-pərən salıb Orta Asiya ölkələrinə səpələnmələrinə nail oldu. Nəticədə o dövrlərdə Azərbaycanı və digər Türk dövlətlərini gözləyən separatizm təhlükəsi də böyük ölçüdə ortadan qalxdı... 
 
Bağırovun dövründə Bərzani Moskvaya çoxsaylı məktublar göndərərək İosif Stalindən özü və tərəfdarları üçün daha yaxşı rəftar və yenidən birləşmə imkanları tələb etdi. İddialara görə, bu məktublardan yalnız biri Kremlə çatmış və qısa müddət sonra- 1951-ci ilin martında Sovet hakimiyyəti Bərzani və tərəfdarlarının narahatlıqlarını aradan qaldırmaq üçün araşdırmalara başlamışdı. Mərkəzi Komitədə Bərzani və tərəfdarlarına ədalətsiz münasibət göstərildiyini müəyyən edilmiş və 1951-ci ilin avqustunda Sovet hökuməti Bərzanini və digər kürdləri yenidən birləşdirərək Mustafa Bərzaniyə Daşkənddə yaşayış yeri verilmiş, qalanları isə Daşkənd kənarındakı kiçik bir qəsəbədə yerləşdirilmişdi... 
 
Stalinin ölümündən sonra Bərzaninin vəziyyəti yenidən qeyri-müəyyən hal almağa başlamışdı. “Dahi rəhbəri”nin ölümündən qısa müddət sonra - 1953-cü ilin may ayında o, Georgi Malenkov və Nikita Xruşşov kimi sovet xadimləri ilə görüşmüş, ardınca da Sovet hakimiyyəti onu Moskvada bir yataqxanaya yerləşdirmış və Ali Partiya Məktəbində təhsil almasına şərait yaratmışdı. Bərzaninin üzünə gülən ən böyük hadisə isə 1958-ci ildə İraqda Haşimi xanədanlığının devrilməsi olmuşdur.  İraq hakimiyyətinə yeni hökumətin gəlməsindən sonra SSRİ-nin də təşviqi ilə Bərzani İraqa yollanmış, beləcə, müxtəlif xarici kəşfiyyatların sıralarında öz separatçı ideyasını yaymağa çalışmışdır...”
 
“Bərzaninin yaşamış olduğu bu keşməkeşli həyat onun qurduğu Kürdüstan Demokrat Partiyasının, ümumiyyətlə, kürd separatizminin də şaxələnərək parçalanmasına səbəb olmuşdur. Müxtəlif zamanlarda gah ABŞ, gah İsrail, gah İran, gah da Türkiyə xəfiyyə sistemlərinin nəzarəti altında fəaliyyət göstərən “kürd hərəkatı” vahid mərkəzi idarəçilik imkanlarını da itirmişdir. Biz bunun ən bariz örnəklərini hazırda Suriya, İraq və İrandakı kürd təşkilatlarının fəaliyyətində də görürük. Təsəvvür edin ki, ABŞ-dan aldıqları təlimatla İrana qarşı mübarizəyə hazırlaşan yerli kürd təşkilatlarının sayı 5 idi: “PJAK”, “KDP-İ”, “PAK”, “Komala” və “Sazman-ı Xəbat”... Maraqlıdır ki, təkcə “Komala”nın özü 6 yerə bölünmüş, onlardan yalnız biri İrana qarşı ittifaqa qoşulmuşdu. İttifaq arasında olan “PJAK” isə Türkiyə və bir çox Qərb ölkələrinin də terror təşkilatı kimi tanıdığı “PKK”-nın İran qoludur. Türkiyənin xeyir-dua vermədiyi heç bir təşkilatın isə Yaxın Şərqdə uğur qazanmayacağı kürd separatçılarına da bəllidir...”- siyasi şərhçi vurğulayıb.
 
Heydər Oğuz kürd separatçılarının ABŞ, İsrail kimi dövlətlərin təhriki ilə İraqda olduğu kimi, Suriyada da öz xalqlarının dinc nümayəndələrini də alətə çevirdiklərini, ancaq sonda məyus halda aldadıldıqlarını dərk etdiklərini sadalayan faktlar da sadalayıb:
 
“Dərd burasındadır ki, İran kürd separatçılarının fəaliyyətində qarşılaşdığımız bu bölünmüşlük halı onların yayıldığı digər ölkələrdə də diqqətdən yayınmır. Məlum olduğu kimi, bu zamana qədər Suriyada onların faktiki muxtariyyətləri vardı. ABŞ-ın və İsrailin dəstəyi ilə “SDG” adı altında Suriyanın ən bərəkətli və neft zəngini olan torpaqlarına yiyələnən “YPG” qruplaşması idarə etmək istədikləri bölgənin iqtisadi resurslarını heç kimsəylə bölüşmək istəmirdilər. Halbuki “Rojava” adlandırdıqları bu bölgədə əhalinin dördə birini belə, təşkil etmirdilər. Amma ABŞ-dan, İsraildən aldıqları hərbi, iqtisadi yardımları özləri mənimsəyir, öhdəliklərinə götürdükləri işləri yerinə yetirmirdilər. Yeri gəlmişkən, bunu ABŞ prezidenti Donald Tramp da son aylarda mətbuata verdiyi açıqlamalarda dəfələrlə etiraf edib. Elə bu səbəbdən də ABŞ dərin dövləti Suriyadakı “SDG” qruplaşmasının yeni hökumət tərəfindən silinməsinə qərar verdi. Separatçıların “Rojava” adlandırdıqları Quzey Suriyadakı Əhməd əş-Şaraa hökumətinin bunu bacarması isə cəmi 2-3 gün çəkdi. Çünki paylaşımdan heç nə ala bilməyən ərəb əşirətlərinin hamısı bir nəfər kimi kürd separatçılarına qarşı mübarizədə Şaraa hökuməti səfində birləşmişdilər...” 
 
“Bənzər parçalanmanı biz Quzey İraqda da müşahidə edirik. Yenə də məlum olduğu kimi, Quzey İraqda da muxtariyyətini qazanmış Kürdüstan vilayəti var. Bu vilayətin öz parlamenti, hökuməti fəaliyyət göstərir. Hətta İraq Konstitusiyasına görə, mərkəzi hakimiyyətin prezidentini seçmək kürdlərin müstəsna hüququna verilib. Amma Quzey Suriyadakı daxili anlaşmazlıq səbəbindən Suriya neçə illərdir özünün prezidentini müəyyənləşdirə, hökumətini qura bilmir. Quzey Suriya faktiki olaraq Süleymaniyyə və Ərbil kimi iki paytaxta bölünüb. Heç bir əşirət digərinin kitabını oxumur. Bunun bir səbəbi kürd siyasi təşkilatlarına öz nəzarətində saxlayan xarici kəşfiyyat orqanlarının ortaq məxrəcə gələ bilməməsidirsə, digər əsas səbəb bu toplumun hələ də millətləşmə prosesini keçirməməsidir”- deyə analitik diqqətə çatdırıb. 
 
“Zənn edirəm ki, Sərdar Cəlaloğlu da bunları dediyi üçün separatçıların təzyiqinə, hədə-qorxusuna, təhdid və təhqirlərinə məruz qalır. Əslində isə kürd qardaşlarımız məsələyə ayıq gözlə baxmalı, onları qana sürükləyən, qonşu xalqlarla düşmən etməyə çalışan xarici güc mərkəzlərinin əsl çirkin niyyətlərini ciddi analiz etməli və yaşadıqları bölgənin bütün vətəndaşları ilə bərabər ortaq ev qurmağa çalışmalıdırlar. Təəssüf ki, bəziləri bunu anlamaq istəmir, bəlkə də xarici təhriklərlə oyunpozanlıq etməyə səy göstərirlər. Hesab edirəm ki, Azərbaycanın müvafiq dairələri də bu təxribatçı səyləri göz önündə tutmalı və dövlətin gələcəyi, təhlükəsizliyi üçün tələb olunan addımları atmalıdır”.
 
“Bəs, Şimali Azərbaycanın bu təxribatlardan təsirlənmək təhlükəsi nə qədərdir?” sualımızı cavablandıran siyasi şərhçinin fikrincə, Azərbaycan Respublikası da kürd separatizmini dəstəkləyən xarici güc mərkəzlərinin hədəflərindən biridir: 
 
“Sirr deyil ki, bir müddət əvvəl İsrailin baş naziri Netanyahunun paylaşdığı “Böyük Kürdüstan” xəritəsində ölkəmizin də bəzi əraziləri yer alırdı. Bu da təsadüfi deyil. Mənim diqqətlə izlədiyim separatçı kürd ədəbiyyatlarında “5 parça vətəndən” bəhs olunur: bunlardan biri Türkiyənin cənub-şərq hissəsi, digəri Suriyanın şimalı, üçüncüsü - İraqın şimalı, dördüncüsü - İranın şimal-qərb hissəsidir. “Beşinci parça” deyəndə isə Azərbaycanın bəzi ərazilərini nəzərdə tuturlar. Əsasən, Qarabağı və Naxçıvanı... Halbuki hətta SSRİ-nin ən qanlı çağlarında – 30-cu illərdə Qarabağda “Qızıl Kürdüstan” yaratmaq səyləri baş tutmamış və ölkəmizi parçalamaq istəyən Stalin-Mikoyan ittifaqının arzuları gözündə qalmışdı. Çünki bu regionun insanlarının böyük əksəriyyəti Azərbaycan türküdür və ya etnik kimliyindən asılı olmayaraq özünü azərbaycanlı kimi hiss edir. Bu ortaq milli mənsubiyyət duyğusu bütün dövlətlərin, o cümlədən Azərbaycanın bölünməzliyini təmin edən əsas faktorlardandır. Əminəm ki, heç bir xarici güc mərkəzi ölkəmizin bu vahid milli identliyini poza bilməz...”
 
“Eyni sözləri Cənubi Azərbaycan üçün də demək olar. İndiyədək bütün güc mərkəzləri Azərbaycan türkü ilə kürdləri bir-birindən ayırmağı bacarmamışdır, bacarmayacaq da. Açığı, hətta kürd separatçılarının ədəbiyyatına nəzər salanda Azərbaycan kültürünün, mədəniyyət nümunələrinin, tarixi şəxsiyyətlərinin mənimsəndiyini görürük. Onların kitablarını oxuyanda sanki Azərbaycanın mədəniyyət tarixini vərəqlədiyini sanırsan. Sadəcə “Azərbaycan türkü” əvəzinə “kürd” yazılıb bu kitablarda. Əslində bu faktın özü də müsbət hadisədir. Əgər problem mahiyyətdə deyil, sadəcə adlandırmadadırsa, hesab edirəm ki, davamlı müzakirələr nəticəsində bu xırda problemi də ortadan qaldırmaq olar. Yetər ki, bizim torpağın insanları xarici güc mərkəzlərinin təsir dairəsinə düşüb özlərini mənasız qarşıdurmaların qurbanına çevirməsinlər...
 
Bəzən mənə belə gəlir ki, “kürd kartından” bizə və Türk dövlətlərinə qarşı istifadə edənlərin özləri də dəstəklədikləri qüvvələrin qələbəsinə inanmırlar. Onlara sadəcə hədəf seçilmiş coğrafiyaları yerindən oynatmaq lazımdır. Öz məqsədlərinə çatdıqdan sonra isə istifadə etdikləri “kartları” cırıb masanın üstünə atacaqlar. Necə ki, bunu Suriyada etdilər. Əslində bizə qarşı istifadə etdikləri erməniləri son anda qurban vermələri də bu qəbildəndir”, -deyə Heydər Oğuz vurğulayıb.
 
Təqdim etdi:
Sultan Laçın

Qaynaq: Moderinator.az

Xudaferin.eu

07:40